Gürcüstan, Tbilisi, 04 avqust / Trend , müxbir N.Kirsxaliya /
NATO-nun yeni baş katibi Anders Foq Rasmussenin Rusiyanın qonşu dövlətlərin ərazi bütövlüyünə hörmət etməli olması barədə bəyanatı "vacib siqnaldır". Gürcü ekspertlər belə hesab edir.
Rasmussen Rusiyanı qonşu dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət etməyə çağırır. Bu barədə o, Brüsseldə təşkil etdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, gürcü-rus müharibəsi NATO və Rusiya münasibətlərini çətinləşdirib.
"Rusiya öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli və qonşu dövlətlərin suverenliyinə hörmət etməlidir", - o deyib.
Tanınmamış Cənubi Osetiya Respublikasındakı hərbi əməliyyatlara ötən il avqustun 8-də başlanılıb. Gürcü qoşunları paytaxt Sxinvaliyə daxil olub, daha sonra rus ordusu şəhəri tutub və gürcü hərbçilərini Gürcüstan ərazisinə geri sıxışdırıb.
Avqustun 26-da Rusiya rəsmi olaraq Gürcüstanın tərkibinə daxil olan Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyıb, sentyabrın 9-da isə onlarla diplomatik əlaqələr qurub.
Ekspert Andro Barnov hesab edir ki, Rasmussenin özünün ilk mətbuat konfransında verdiyi bəyanat "vacib siqnal" idi.
Onun sözlərinə görə, bütün tərəflərin mövqelərinin belə tez və fəal qeyd edilməsi çox vacibdir.
Ekspert Kaxa Qoqolaşvili isə hesab edir ki, Rasmussenin bəyanatı, yenicə vəzifəyə qədəm qoymuş baş katib tərəfindən edilməsi baxımından da vacibdir.
"NATO-nun vəzifələrinin icrasına yenicə başlamış baş katibinin bütün məsələlərə toxunması və alyansın mövqeyini qeyd etməsi çox vacibdir", - ekspert bildirib.
Danimarkanın sabiq Baş naziri Rasmussen öz vəzifələrinin icrasına avqustun 1-də başlayıb. O, bu postda Yaap de Hoop Sxefferi əvəzləyib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]