Azərbaycan, Bakı, 26 Avqust / Trend /
Avqustun 26-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva ad gününü qeyd edir.
Mehriban Əliyeva Bakıda məşhur ailədə anadan olub. Atası Milli Elmlər Akademiyasının akademiki, fizika-riyaziyyat elmləri doktoru, professor, Milli Aviasiya Akademiyasının rektoru Arif Mir Cəlal oğlu Paşayev, anası şərqşünas alim, filologiya elmləri doktoru, professor, Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru olmuş, ərəb ədəbiyyatı sahəsində mütəxəssis Aida Nəsir qızı İmanquliyevadır.
Mehriban Əliyeva 1982-ci ildə Bakıda 23 saylı orta məktəbi qızıl medalla bitirib, Nəariman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə işi fakültəsinə daxil olub. İkinci kursdan təhsilini İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb İnstitutunda davam etdirib, 1988-ci ildə bu institutu əlaçı diplomu ilə bitirib. 1988-92-ci illərdə Moskva Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda işləyib.
90-cı illərin ortalarında Mehriban Əliyeva Azərbaycan Mədəniyyətinin Dostları Fondunu yaradıb. Ölkənin birinci xanımı indiyədək bu Fonda rəhbərlik edir. Fond Azərbaycan mədəniyyətinin geniş təbliği məqsədi ilə üç dildə (Azərbaycan, ingilis, rus) "Azərbaycan-İRS" jurnalını nəşr etdirir.
Mehriban xanım Heydər Əliyev Fonduna onun açılmasından - 10 may 2004-cü ildən bu günədək rəhbərlik edir. Fondun məqsədi ümummilli lider Heydər Əliyevin zəngin irsinin öyrənilməsi və yeni nəslin milli dövlətçilik ideyaları ruhunda tərbiyə edilməsidir. Fondun işinin əsas istiqaməti ən müxtəlif sahələrdə humanitar fəaliyyətdir. Bura valideyn himayəsindən məhrum uşaqlara kömək, uşaq evlərinin, internat-məktəblərin abadlaşdırılması və maddi bazalarının yaxşılaşdırılması da daxildir. Fond təhsil, səhiyyə, mədəniyyət sahələrində irimiqyaslı proqramlar nəzərdə tutub və onları həyata keçirir. Birinci xanım statusu və Fonddakı işi Mehriban xanıma bu işi sistemləşdirməyə, layihələrin miqyasını genişləndirməyə, onların həyata keçirilməsində əlavə resursların cəlb olunmasına imkan verir.
Azərbaycan mədəniyyətinin populyarlığı və təbliği məqsədi ilə bu ilin martında Bakıda Heydər Əliyev Fondunun təşəbbüsü ilə Beynəlxalq Muğam Festivalı keçirildi. Avqustun ortalarında isə Qəbələdə Beynəlxalq Musiqi Festivalı çərçivəsində gənc pianoçuların müsabiqəsi baş tutdu.
Rusiya və Rumıniyada nümayəndəliyi olan Fond Azərbaycanın hüdudlarından kənarda da uğurlu layihələr həyata keçirir. Fondun uğurlu işlərindən biri də Pakistanda zəlzələnin dağıtdığı məktəbin yerinə qızlar üçün yeni orta məktəbin ən qısa müddətdə inşasıdır.
Fond ümumbəşəri mədəniyyət abidələrinin bərpasında da iştirak edir. Belə ki, dünya irslərinin siyahısına daxil olan Parisin Versal sarayının parkında, zaman keçdikcə və iqlim təsirindən zərər görmüş iki abidənin bərpası həyata keçirilib. Azərbaycanda da bir çox məscid, sinaqoq və kilsələr bərpa olunub.
Mehriban Əliyeva Azərbaycan xalqının rifahı naminə humanitar proqramların effektivliyinin gücləndirilməsi üçün bütün imkanlardan istifadəni öz vəzifəsinin əsas məqsədi hesab edir.
Heydər Əliyev Fondunun fəaliyyətinin prioritet istiqamətlərindən biri və ən başlıcası dünya ictimaiyyətinə Dağlıq Qarabağ münaqişəsinin reallıqlarının çatdırılmasıdır. Həyata keçirilmiş layihələrin arasında bir neçə dildə nəşr edilmiş, Ermənistanın tarixi təcavüzünü əks etdirən "Qarabağ reallıqları" bukletlər toplusunu, erməni vandallığından bəhs edən "Müharibə və mədəni-tarixi abidələrimiz", "Azərbaycana qarşı müharibə: mədəni irs hədəf altında" kitablarını qeyd etmək olar. Bundan başqa, Fond dünyanın müxtəlif ölkələrində Xocalı soyqırımına həsr olunmuş aksiyalar, foto və videosərgilər təşkil edir.
2004-cü ilin avqustunda Mehriban Əliyeva Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin mühafizəsi və inkişafı üzrə yorulmaz səylərinə görə YUNESKO-nun xoşmıəramlı səfiri elan olunub. İki il sonra birinci xanım müxtəlif sahələrdəkı genişmiqyaslı və fədakar fəaliyyətinə, o cümlədən geniş sivilizasiyalararası dialoq, qayğıya ehtiyaci olan uşaqlara diqqət, onların həyat şəraitinin və təhsilinin yaxşılaşdırılmasında böyük dəstəyinə görə İSESKO-nun (İslam ölkələrinin elm, təhsil və mədəniyyət təşkilatı) xoşməramlı səfiri seçilib.
Belə nüfuzlu beynəlxalq təşkilatların səfiri olmaq çox şərəfli və məsulliyətli missiyadır. Həm YUNESKO, həm də İSESKO nizamnamələrində qeyd olunduğu kimi qeyri-siyasi institutlardır. Eyni zamanda bu, Mehriban Əliyevanın öz ölkəsini təmsil etdiyi beynəlxalq arenadır.
Bu, müasir Azərbaycanın, qədim tarixi və mədəni köklərə malik xalqımızın, incəsənətimiz, musiqimiz və ədəbiyyatımızın nailiyyətlərinin bütün dünyaya çatdırılması uçun fürsətdir.
Azərbaycan müasir, dünyəvi müsəlman dövlətidir. Bununla yanaşı, ölkədə müxtəlif dinlərin nümayəndələri əmin-amanlıqla bir yerdə yaşayırlar. Dinlərarası və ya etnik əsaslarda problem yaranmır.
Xoşməramlı səfir kimi Mehriban Əliyevanın vəzifəsi elm, mədəniyyət, təhsil ilə İslam birliyinə dair bütün imkanları, Qərbin və Şərqin, eləcə də müxtəlif sivilizasiyaların nə qədər maraqlı və bir-birinə faydalı ola bilməsini göstərməkdir.
2005-ci ildə mesenantlıq və xeyriyyəçilik fəaliyyətinə, təhsil və mədəniyyətin təşkilinə dəstəyinə, Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsində böyük töhfələrinə görə Mehriban Əliyeva Rusiyanın "Yüzilliyin mesenantları" Eynəlxalq Fondunun "Yaqut xaç" ordeni ilə təltif olunub. Dünya Səhiyyə Təşkilatı İcraiyyə Komitəsi isə birinci xanımı "Ana, uşaq və ailə sağlamlığının qorunması və möhkəmlənməsi işində müstəsna xidmətlərinə görə" xüsusi mükafatı ilə qiymətləndirib. Xeyriyyəçilik fəaliyyətinə, bəşəriyyətin ali ideallarına xidmət sahəsində nailiyyətlərinə görə M.Əliyeva 2007-ci ildə "Qızıl ürək" Beynəlxalq mükafatına layiq görülüb.
Mehriban Əliyevanın geniş fəaliyyəti bununla məhdudlaşmır. O, 2002-ci ildən Azərbaycan Gimnastika Federasiyasının prezidentidir. Xanım Əliyeva bu vəzifədə yüksək təşkilatçılıq qabiliyyətini nümayiş etdirir. Onun nüfuzu 2003 və 2004-cü illərdə Azərbaycanda bədii gimnastika üzrə dünya kuboku yarışının, 2005-ci ildə isə bədii gimnastika üzrə dünya çempionatının keçirilməsi barədə qərarın qəbulunda həlledici rol oynayıb.
Bu gün bədii gimnastika üzrə Azərbaycan yığma komandası dünyada böyük nüfuza malikdir. İdmançılar beynəlxalq turnirlərdə lider mövqeləri əldə edirlər. Beynəlxalq yarışlara tez-tez ev sahibliyi edən Bakı bu ilin mayında bədii gimnastika üzrə 25-ci Avropa çempionatının qonaqlarını qəbul edib.
2005-ci ildə Mehriban Əliyeva fəlsəfə elmləri namizədi elmi dərəcəsi alıb. Həmin il Azərbaycan Milli Məclisinə keçirilən seçkilərdə xanım Əliyeva parlamentə deputat seçilib.
Mehriban xanımın Leyla və Arzu adında iki qızı, Heydər adında oğlu, Mikayıl və Əli adında iki nəvəsi var.