...

Azərbaycan Prezidenti Böyük Britaniyanın enerji məsələləri üzrə dövlət nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Siyasət Materials 16 Sentyabr 2009 17:44 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Böyük Britaniyanın enerji məsələləri üzrə dövlət naziri Lord Hantın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycan Prezidenti Böyük Britaniyanın enerji məsələləri üzrə dövlət nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Böyük Britaniyanın enerji məsələləri üzrə dövlət naziri Lord Hantın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Dövlət naziri Lord Hant "Əsrin müqaviləsi"nin 15-ci ildönümü münasibətilə dövlət başçısına təbriklərini çatdırıb və bu müqavilənin Azərbaycanın gələcək inkişafının təminatında önəmli rol oynadığını deyib.

Lord Hant Azərbaycan Prezidenti İlham Əliyevin bu il iyul ayında Londona rəsmi səfərinin Böyük Britaniya hökuməti tərəfindən yüksək qiymətləndirildiyini qeyd edib. Ölkəmizdə əldə olunan inkişaf proseslərinin başlanğıcında "Əsrin müqaviləsi"nin dayandığını deyən dövlət başçısı bildirib ki, 15 il bundan əvvəl imzalanan bu müqavilə bir çox enerji təşəbbüslərinin, o cümlədən bu gün Avropada ciddi müzakirə olunan enerji təhlükəsizliyi ilə bağlı təşəbbüslərin meydana gəlməsinə səbəb olub.

Prezident İlham Əliyev Azərbaycanın Böyük Britaniya ilə energetika sahəsində əməkdaşlığa və bp-nin bu əməkdaşlıqda oynadığı rola önəm verdiyini vurğulayıb. Dövlət başçısı bp şirkəti ilə yeni layihələr üzrə aparılan işlərin ötən dövr ərzində inkişaf edən əlaqələrin yaxşı göstəricisi olduğunu deyib. Londona sonuncu rəsmi səfəri zamanı Azərbaycan Dövlət Neft Şirkəti ilə Böyük Britaniyanın bp şirkəti arasında imzalanan qarşılıqlı Anlaşma Memorandumuna toxunan Prezident İlham Əliyev gələcəkdə də birgə layihələr üzərində işlərin davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.

Böyük Britaniyanın enerji məsələləri üzrə dövlət naziri Lord Hant isə deyib ki, onlar Prezidentin bp şirkəti ilə strateji tərəfdaşlıqla bağlı söylədiyi fikirləri yüksək qiymətləndirir və bu əməkdaşlığa bundan sonra da dəstək verəcəklər.

Bu tərəfdaşlığın dünyada bir nümunə ola biləcəyini vurğulayan Hant əməkdaşlığımızın bundan sonra da möhkəmlənəcəyinə əminliyini bildirib.

Xəbər lenti

Xəbər lenti