Azərbaycan, Bakı, 18 sentyabr / Trend , müxbir K.Zərbalıyeva /
Bakıda bu gün keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Fövqəladə Hallar qurumları rəhbərlərinin konfransında Ermənistan iştirakdan imtina edib.
"Biz təşkilata üzv olan bütün dövlətlərə, o cümlədən Ermənistana da konfransda iştirakla bağlı dəvət göndərmişik", - Trend -un məlumatına görə, cümə günü konfransdan sonra keçirdiyi mətbuat konfransında QDİƏT Baş katibinin müavini Altay Əfəndiyev bildirib.
Bakıda bu gün Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Fövqəladə Hallar qurumları rəhbərlərinin konfransı keçirilib. Konfransın sonunda QDİƏT-ə üzv olan ölkələrin Fövqəladə Hallar qurumları arasında deklarasiya qəbul olunub. Deklarasiyada təşkilata üzv ölkələrin əməkdaşlıq perspektivləri əksini tapıb.
Əfəndiyev deyib ki, Ermənistan tərəfi konfransda iştirakdan imtinanın səbəblərini açıqlamayıb. Onun sözlərinə görə, konfransın işinə Ermənistanla yanaşı, Albaniya tərəfi də qatılmayıb.
QDİƏT-ə Azərbaycan, Albaniya, Ermənistan, Bolqarıstan, Yunanıstan, Gürcüstan, Moldova, Rusiya, Serbiya, Türkiyə və Ukrayna dövlətləri daxildir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]