...

Azərbaycanlı deputat ümid edir ki, Türkiyə Parlamenti Ermənistana "işğal etdiyiniz Azərbaycan ərazilərindən çəkilin, əks halda, protokolların ratifikasiyasını unudun" deyəcək

Siyasət Materials 13 Oktyabr 2009 11:37 (UTC +04:00)
Trend News-un məlumatına görə, Azərbaycanın millət vəkili Qənirə Paşayeva Türkiyənin nüfuzlu SHOW TV kanalında Ali Kırcanın "Ana Xəbər" proqramında, "Haber Türk" televiziyasında və NTV kanalının ən reytinli proqramlarından biri olan "Can Dündarla Canlı Qəzete" proqramında Türkiyə-Ermənistan arasında münasibətlərin normallaşmasını nəzərdə tutan protokolların imzalanması və oktyabrın 21-də həmin protokolların Türkiyə Böyük Millət Məclisinin müzakirəsinə təqdim olunacağı ilə bağlı televiziya müzakirələrinə qatılıb.
Azərbaycanlı deputat ümid edir ki, Türkiyə Parlamenti Ermənistana "işğal etdiyiniz Azərbaycan ərazilərindən çəkilin, əks halda, protokolların ratifikasiyasını unudun" deyəcək

Azərbaycan, Bakı, 13 oktyabr / Trend , müxbir A.Hüseynbala/

Azərbaycan Parlamentinin (Milli Məclis) deputatı ümid edir ki, Türkiyə Böyük Millət Məclisi (TBMM) Ermənistana "işğal etdiyiniz Azərbaycan ərazilərindən çəkilin, əks halda, protokolların ratifikasiyasını unudun" deyəcək.

Trend -un məlumatına görə, Azərbaycanın millət vəkili Qənirə Paşayeva Türkiyənin nüfuzlu SHOW TV kanalında Ali Kırcanın "Ana Xəbər"  proqramında, "Haber Türk" televiziyasında və NTV kanalının ən reytinli proqramlarından biri olan "Can Dündarla Canlı Qəzete" proqramında Türkiyə-Ermənistan arasında münasibətlərin normallaşmasını nəzərdə tutan protokolların imzalanması və oktyabrın 21-də həmin protokolların Türkiyə Böyük Millət Məclisinin müzakirəsinə təqdim olunacağı ilə bağlı televiziya müzakirələrinə qatılıb. 

Millət vəkili Ermənistanın Azərbaycan ərazilərinin 20 faizini 15 ildən artıqdır ki, işğal altında saxladığını, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün uzun illərdir öz yurd-yuvasına, ev-eşiyinə dönə bilmədiyini vurğulayıb. Paşayeva deyib ki, bu gün bütün Avropa Şurası məkanında olan 2,5 milyon qaçqından 1 milyonu azərbaycanlıdır və 15 ildən artıqdır ki, bu insanlar Ermənistanın işğalçılıq siyasətindən geri çəkilməməsi üzündən öz yurd-yuvalarına, ev-eşiklərinə dönə bilmirlər.

Paşayeva vurğulayıb ki, Türkiyə dövləti Ermənistanla sərhədini də məhz bu ölkənin Azərbaycan ərazilərini işğal etməsinə etiraz olaraq, Azərbaycanın Kəlbəcər rayonunun işğalından sonra bağlamış və Ermənistanla münasibətlər qurulmamışdır.

"Azərbaycan xalqı hesab edir ki, bu siyasət bundan sonra da davam etməli və Ermənistan işğal etdiyi Azərbaycan ərazilərindən çəkilmədən Türkiyə bu ölkə ilə münasibətlər qurmamalı və sərhədlərini açmamalıdır", - deputat vurğulayıb.

Paşayeva Türkiyə rəsmilərinin Azərbaycanda Dağlıq Qarabağ münaqişəsi həll edilmədən Türkiyə-Ermənistan sərhədlərinin açılmayacağı və əlaqələrin qurulmayacağına dair verdikləri açıqlamaları xatırladıb.

"Biz ümid edirik ki, TBMM-i Ermənistana işğal etdiyiniz Azərbaycan ərazilərindən çəkilin, əks halda, protokolların ratifikasiyasını unudun deyəcək", - Paşayevə deyib.

Millət vəkili deyib ki, Azərbaycan və Ermənistan arasında uzun illərdir, keçirilən görüşlərin nəticəsiz başa çatmasının səbəbi Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərini işğaldan azad etməkdən imtina etməsidir.

"Çox təəssüf ki, ATƏT-in Minsk Qrupu həmsədrləri də Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərindən geri çəkilməsi üçün lazımi fəallıq göstərmir və Ermənistana təzyiqlər etmirlər", - o deyib.

Paşayevanın sözlərinə görə, Türkiyə-Ermənistan münasibətlərinin qurulmasını, sərhədlərin açılmasını istəyən bəzi xarici qüvvələr tərəfindən belə fikirlər səslənir ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması, sərhədlərin açılması Dağlıq Qarabağ münaqişəsinin həllinə də müsbət təsir göstərə bilər. Bunun yanlış fikir olduğunu deyən millət vəkili qeyd edib ki, əgər Azərbaycan torpaqları işğaldan azad edilmədən Türkiyə-Ermənistan münasibətləri qurularsa Ermənistan Prezidenti bunu öz uğuru kimi təqdim edərək işğal etdikləri Azərbaycan torpaqlarından geri çəkilmə məsələsində daha radikal mövqe tuta bilər. Millət vəkili Prezident İlham Əliyevin oktyabrın 9-da verdiyi açıqlamada "danışıqlar prosesində yaşanan bəzi hadisələr bunu demək üçün əsas verir" fikirlərini xatırladıb.

O, deyib ki, Ermənistan özünün illərdir yürütdüyü siyasət üzündən indiki vəziyyətə düşüb. Azərbaycan ərazilərini işğal etdiyi üçün Azərbaycanla, Türkiyəyə qarşı qondarma soyqırım, torpaq iddiaları və s. kimi əsassız iddiaları və ən əsası Azərbaycan torpaqlarını işğal etdiyi üçün Türkiyə ilə əlaqələri kəsilib. Qonşularla pis münasibətlər üzündən Ermənistanın iqtisadi-sosial vəziyyəti ağır vəziyyətə düşüb, inkişaf isə demək olar ki, yoxdur.

"Ermənistan bu vəziyyətdən çıxmaq istəyirsə, ilk əvvəl onlar addım atmalıdırlar. Biz ümid edirik ki, Türkiyə Böyük Millət Məclisində protokolların müzakirəsi zamanı millət vəkilləri Ermənistana və dünyaya protokolların ratifikasiyasının ancaq işğal altında olan Azərbaycan torpaqlarının azad olunmasından sonra mümkünlüyünü birmənalı şəkildə bəyan edəcək", - o deyib.

Paşayeva bildirib ki, Türkiyə-Ermənistan protokollarının imzalanması mərasimində iştirak edən və bu protokolların reallaşması üçün dəridən-qabıqdan çıxan 3 ölkə ABŞ, Rusiya və Fransa Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair ATƏT-in Minsk Qrupunun həmsədrləridir, amma çox təəssüf ki, onlar Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərindən çıxması üçün ciddi addımlar atmırlar. "Bu güclər ilk əvvəl işğal etdiyi Azərbaycan ərazilərindən çəkilməsi üçün Ermənistana təzyiq etməlidirlər. Bu bölgədə sabitliyin və əməkdaşlığın qurulması yalnız Ermənistan işğal etdiyi Azərbaycan ərazilərindən çəkildikdən sonra mümkündür", - o deyib.

Millət vəkili bu mövzunun Azərbaycan üçün çox həssas bir məsələ olduğunu vurğulayaraq deyib ki, "Azərbaycan xalqı Türkiyə Böyük Millət Məclisindən işğal olunmuş ərazilər azad edilmədən protokolların təsdiqləməyəcəyini gözləyir".

Paşayeva "Türkiyə-Ermənistan futbol matçına baxmaq üçün Türkiyəyə gələcək Ermənistan Prezidenti Serj Sarkisyanla bağlı nə deyə bilərsiniz?" sualına isə belə cavab verib: "Hər kəsin bilməsini istərdik ki, adını çəkdiyiniz o şəxs Azərbaycan torpaqlarınn işğal edilməsində birbaşa iştirak etmiş və təşkilatçılarından biri olmuşdur. Onun əli Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ərazilərini işğal etdiyi zaman qətlə yetirdiyi minlərlə günahsız azərbaycanlının, Xocalıda soyqırıma məruz qalmış dinc azərbaycanlıların qanına batıb. Minlərlə günahsız azərbaycanlının qətli onun vicdanını heç zaman rahat buraxmayacaq. Günahsız qətlə yetirilən insanlar arasında mənim qohumlarım, məktəb yoldaşlarım, dostlarım olub. 1 milyon azərbaycanlı onun rəhbərlik etdiyi Ermənistanın işğalçılıq siyasəti üzündən 15 ildən artıqdr ki, öz ev-eşiyinə, öz yurd-yuvasına dönə bilmir. Əgər siz 15 il ərzində öz yaxınlarınızın, övladlarınızın, valideynlərinizin qəbrini ziyarət edə bilməsəniz, öz ev-eşiyinizə dönə bilməsəniz hansı hissləri, ağrıları keçirərsiniz? Mənə elə gəlir ki, sadaladığım bu faktlar sizdə Sarkisyanın kimliyi və onun liderlik etdiyi dövlət barədə daha ətraflı düşünmək və Azərbaycan xalqının ağrı və həssasiyətlərini daha dərindən hiss etmək üçün kifayət edər".

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti