Azərbaycan və İsveçrə bir-birinə real tərəfdaş kimi baxır, Azərbaycan Prezidenti İlham Əliyev oktyabrin 19-da İsveçrənin paytaxtı Berndə Azərbaycan Mədəniyyət Günlərinin rəsmi açılışında deyib.
"Biz bir-birimizə real tərəfdaş kimi baxırıq və ikitərəfli layihələr bizi daha sıx bağlayacaqdır," - deyə ölkə başçısı qeyd edib.
Mərasimdə İsveçrə Prezidenti Hans-Rudolf Merts iştirak etdi. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Mərasimdən əvvəl konsertin iştirakçılarına ölkəmiz haqqında məlumat verildi. Bildirildi ki, Azərbaycan qədim tarixə, gözəl təbiətə, zəngin mədəniyyətə malik ölkədir. Qərb ilə Şərqin qovuşuğunda yerləşən Azərbaycan özündə kifayət qədər milli və modern ənənələri birləşdirir. Azərbaycan dünyada məşhur olan muğamın, Şərqdə dahi şair Məhəmməd Füzulinin "Leyli və Məcnun" əsərinə yazılmış ilk operanın vətənidir.
İsveçrə Prezidenti Hans-Rudolf Merts çıxışında bildirdi ki, ölkələrimiz arasında oxşarlıq çoxdur. Azərbaycan ilə İsveçrə həm mədəniyyət, həm coğrafi şərait, həm də sabit siyasi vəziyyət baxımından bir-birinə çox oxşayır. Azərbaycan ilə İsveçrə bütün sahələrdə yaxşı əməkdaşlıq qurub və bu əlaqələrdə mədəniyyət sahəsi xüsusi əhəmiyyət kəsb edir. İsveçrə Prezidenti Berndə Azərbaycan Mədəniyyət Günlərinin keçirilməsini bu sahədə əməkdaşlığın yaxşı göstəricisi olduğunu bildirdi.
Azərbaycan Prezidenti İlham Əliyev yüksək qonaqpərvərliyə görə təşəkkür etdi. Bildirdi ki, Azərbaycan Prezidentinin İsveçrəyə ilk rəsmi səfəri uğurla keçir. "Biz müxtəlif sahələrdə əlaqələrimizi intensivləşdiririk", - deyən Azərbaycan Prezidenti qarşılıqlı səfərlərin əhəmiyyətini vurğuladı. Dövlətimizin başçısı qeyd etdi ki, bir-birimizi daha yaxından tanımağın ən yaxşı yolu mədəniyyətdir. Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti, yüksək milli dəyərləri vardır və biz onları qoruyub saxlayırıq. Azərbaycan iqtisadi inkişafına görə dünyada lider ölkələrdəndir. Prezident İlham Əliyev ümidvar olduğunu bildirdi ki, İsveçrədə Azərbaycan Mədəniyyət Günləri ölkələrimizin daha da yaxınlaşmasına geniş imkan verəcəkdir.
Sonra Azərbaycan Mədəniyyət Günlərinin açılış mərasiminin bədii hissəsi başladı.
Azərbaycanın tanınmış incəsənət xadimlərinin, musiqiçilərinin ifasında bir-birindən rəngarəng musiqi çələngindən ibarət kompozisiya alqışlarla qarşılandı.
Konsertdə səslənən maraqlı musiqi nömrələri Azərbaycan mədəniyyətinin zənginliyini, dövlətimizin incəsənətin, mədəniyyətin inkişafına göstərdiyi diqqət və qayğısını bir daha nümayiş etdirdi. Xüsusilə son illər dövlət səviyyəsində və Heydər Əliyev Fondu tərəfindən milli musiqimizə, bütövlükdə mədəniyyətimizə göstərilən dəstək Azərbaycan musiqi mədəniyyətinin dünyada daha yaxından tanınmasına geniş imkanlar açmışdır.
Azərbaycan musiqiçilərinin ifasında Avropa tamaşaçısına təqdim olunan Qərb ilə Şərqin sintezindən doğan rəngarəng musiqi nömrələri maraqla qarşılandı.
Konsertdən sonra Azərbaycan Mədəniyyət Günlərinin açılışı münasibətilə qəbul təşkil edilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı, İsveçrə Prezidenti Hans-Rudolf Merts və xanımı qəbulda olmuşlar.
Azərbaycan və İsveçrə bir-birinə real tərəfdaş kimi baxır - Azərbaycan Prezidenti
Azərbaycan və İsveçrə bir-birinə real tərəfdaş kimi baxır, Azərbaycan Prezidenti İlham Əliyev oktyabrin 19-da İsveçrənin paytaxtı Berndə Azərbaycan Mədəniyyət Günlərinin rəsmi açılışında deyib.
