...

Bursada endirilən Azərbaycan bayrağı "Şükrü Saracoğlu" stadionunda qaldırıldı - Trend News-un icmalçısı

Siyasət Materials 27 Oktyabr 2009 11:32 (UTC +04:00)
Son ayda Azərbaycan və Türkiyə cəmiyyətində prioritet mövzuya çevrilən bayraq məsələsi hər bir türk insanının narahatlığına və haqlı qəzəbinə səbəb olub. Bunun da məlum səbəbləri var. Minlərlə insanın qanı bahasına yaradılan və qaldırılan Azərbaycan bayrağının onun qarşısında çox kiçik olan bir Bursa məmuru tərəfindən endirilməsi və təhqir olunmasını kimsə kənardan rahatlıqla müşahidə edə bilməz.
Bursada endirilən Azərbaycan bayrağı "Şükrü Saracoğlu" stadionunda qaldırıldı - Trend News-un icmalçısı

Emil Hüseynli - Trend -un icmalçısı

Son ayda Azərbaycan və Türkiyə cəmiyyətində prioritet mövzuya çevrilən bayraq məsələsi hər bir türk insanının narahatlığına və haqlı qəzəbinə səbəb olub. Bunun da məlum səbəbləri var. Minlərlə insanın qanı bahasına yaradılan və qaldırılan Azərbaycan bayrağının onun qarşısında çox kiçik olan bir Bursa məmuru tərəfindən endirilməsi və təhqir olunmasını kimsə kənardan rahatlıqla müşahidə edə bilməz. Əslində, yenidən bu mövzuya toxunmağımızın səbəbi yenidən bayraq məsələsini gündəmə gətirmək deyil. Çünki rəsmi Ankara Azərbaycan bayrağının təhqir olunmasını təxribat kimi adlandırdı və Bursa polis məmurunu cəzalandırdı. Düzdür, bunu qaneedici qərar və məntiqli nəticə kimi qəbul etmək çətindir. Az qala iki qardaş dövləti bir-birinə düşmən edən bayraq hadisəsinə görə tətbiq olunan cəza və rəsmi Ankaranın nümayiş etdirdiyi mövqe çox cılız göründü. Nə isə........

Oktyabrın 14-də Bursada endirilən Azərbaycan bayrağı İstanbulda "Şükrü Saracoğlu" stadionunda qaldırıldı. Unibank və Peşəkar Futbol Liqasının dəstəyi ilə Azərbaycandan gedən bir qism mətbuat nümayəndələri dünyanın ən önəmli derbi oyununda Fenərbaxca-Qalatasaray oyununda azarkeşlər tərəfindən alqışla qarşılandı. Bu alqışlar Azərbaycan bayrağına idi. Ultra fanatların sırasında yer alan Azərbaycan bayrağı stadionda görünən kimi minlərlə azarkeşlər tərəfindən ayaq üstə, fasiləsiz alqışlandı. Türk azarkeşləri üçrəngli Azərbaycan bayrağını alaraq oyun boyu dalğalandırdılar. 40-50 yaş arasında olan bir türk qadının dedikləri sözlərə isə biganə yanaşmaq olmadı. Həmin qadın "Siz azərisiniz? Sizdən çox üzr istəyirik. Biz türk xalqı Azərbaycanı çox istəyirik. Azərbaycan bayrağının endirilməsi Türkiyə hökumətinin səhvidir. Türk xalqı heç zaman bunu etməzdi" deyərək Azərbaycan bayrağını dalğalandırırdı.

Bütün bunlar onu göstərdi ki, "bir millət iki dövlət olan" Azərbaycan və Türkiyə xalqını heç bir qüvvə, siyasi manevrlər sarsıda bilməz. Əslində, o qadının etirazı Türkiyə hökumətinə idi. Azarkeşlərin "kameramana qışqıraraq bu bayrağı çəkin" deməsinin özündə bir qəzəb var idi. Sanki bununla azarkeşlər Türkiyə hökumətinə nəyisə sübut etmək istəyirdilər. "Azərbaycan bayrağına sayğısız yanaşmaq olmaz, qardaş ölkənin bayrağı həmişə qardaş Türkiyədə dalğalanmalıdır" kimi sözlərin eşidilməsi hər şeyə aydınlıq gətirdi. Qardaş qardaşını neçə itirmək istəyər ki? Bu, absurd, mümkün olmayan bir məsələdir. Ermənistan hesabına qardaş Azərbaycanı itirmək heç bir türk vətəndaşının ağlına belə gələ bilməz. Bursada endirilən Azərbaycan bayrağı indi Türkiyədə daha dəyərli olub. İstanbulda olduğum zaman, hətta PKK əleyhinə keçirilən yürüş-mitinqdə Türkiyə bayrağı ilə yanaşı Azərbaycan bayraqları da dalğalanırdı.

Hökumətlər millətlər, dövlətlər demək deyil. Azərbaycan və Türkiyə xalqı bilməlidir ki, mövcud sıxıntılar bu gün üçündür. Azərbaycan və Anadolu türkləri bir-biriləri ilə bağlı duyğu və düşüncələrini qardaşcasına indiyədək necə daşıyıblarsa, bu gün və sabah da daşımalıdırlar. Azərbaycan xalqının Türkiyəyə güvəni dünən vardı, bu gün var və sabah da əksilmədən davam edəcək.


Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti