Azərbaycan, Bakı, 07 noyabr / Trend , müxbir A.Hüseynbala/
Azərbaycan Parlamentinin deputatları GUAM-ın plenar iclasında iştirak edəcəklər.
"Milli Məclisin GUAM-ın Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Elton Məmmədovun başçılığı ilə deputatlar Elman Məmmədov, Mirkazım Kazımov və Əli Məsimli təşkilatın IV plenar iclasında iştirak etmək üçün noyabrın 8-də Gürcüstanın paytaxtı Tbilisiyə səfərə yola düşəcəklər", - şənbə günü Trend -a Milli Məclisin mətbuat xidmətindən bildirilib.
İclasda GUAM ilə Avropa İttifaqı arasında əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılacaq, bu təşkilatın geosiyasi əhatəsi və üzv ölkələr arasında əməkdaşlığa təsiri məsələləri nəzərdən keçiriləcək. GUAM ərazisində siyasi, iqtisadi, enerji, nəqliyyat və ekoloji baxımdan regional təhlükəsizlik məsələlərinə baxılacaq, bu ərazidəki mövcud münaqişələrin regional və beynəlxalq sabitliyə, sülhə və inkişafa təsiri araşdırılacaq. "Tədbirdə Məmmədov giriş nitqi ilə çıxış edəcək, Məsimli "Baltik-Qara dəniz bölgəsində əməkdaşlığın perspektivləri" mövzusunda məruzə oxuyacaq.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]