Azərbaycan, Bakı, 25 noyabr / Trend , müxbir K.Zərbalıyeva/
Bakıda məcburi köçkünlərin məskunlaşdığı yataqxanada yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyinin internet saytının yaydığı məlumata görə, Bakı şəhəri, Binəqədi rayonunda dövlət müəssisələrindən birinə məxsus və hazırda məcburi köçkünlərin yaşadığı beşmərtəbəli yataqxana binasının 4-cü mərtəbəsində ümumi sahəsi 120 kv.m. olan dəhlizin yanar konstruksiyaları, dəhlizə yığılmış müxtəlif ev əşyaları, 80 kv.m. sahədə və həmin mərtəbədə olan 4 mənzilin qapıları yanıb.
Hadisə anında binada olan 60 sakin təxliyyə olunub, 6 nəfər yanğınsöndürənlər tərəfindən yanğından xilas edilib. Xilasedicilər yanğından zərər çəkmiş 2 nəfərə hadisə yerində ilkin tibbi yardım göstərib və müvafiq təhlükəsizlik tədbirləri görüblər.
İlkin ehtimala görə, yanğına elektrik naqillərində yaranmış qısaqapanma səbəb olmuşdur.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]