Azərbaycan, Bakı, 22 dekabr / Trend , müxbir A.Hüseynbala/
Azərbaycanın müxalifət partiyası ABŞ səfirliyi qarşısında piket keçirib.
"Aksiyanın keçirilməsində məqsəd ABŞ Konqresinin Dağlıq Qarabağın erməni icmasına 8 milyon dollar yardım ayırmasına etiraz etmək olub", - çərşənbə axşamı Trend -a Müasir Müsavat Partiyasının mətbuat xidmətindən bildirilib.
Polis əməkdaşlarının müdaxiləsinə baxmayaraq, aksiya iştirakçıları "Amerika Azərbaycanla əlaqəni kəsmə!", "İşğalçı ermənilərə dəstək verməyin!", "Erməni separatçılarını silahlandırmayın!", "ABŞ ikili syasətdən əl çəksin!" və "Separatçı Qarabağ rejiminə "yox" deyirik!" şüarları səsləndiriblər.
Piket zamanı polislər tərəfindən saxlanılan partiyanın bir neçə üzvü izahat alınandan sonra buraxılıb.
ABŞ Konqresi Senat və Nümayəndələr Palatasının 2010-cu maliyyə ili üçün yardımlara dair qanun layihəsini təsdiqləyib və buna əsasən Dağlıq Qarabağa yardım kimi 8 milyon dollar ayrılacaq. Bundan əlavə, Qarabağda proqram həyata keçirmək üçün istənilən məhdudiyyətlər götürülüb.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Baş Assambleyasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]