...

Azərbaycanda deputatların sayı artırılmalıdır - parlament üzvləri

Siyasət Materials 22 Yanvar 2010 14:57 (UTC +04:00)
Azərbaycan Parlamentinin üzvləri hesab edirlər ki, deputatların sayının artırılması ilə bağlı təklifin reallaşması mümkün deyil.
Azərbaycanda deputatların sayı artırılmalıdır - parlament üzvləri

Azərbaycan, Bakı, 22 yanvar / Trend , müxbir A.Hüseynbala/

Azərbaycan Parlamentinin üzvləri hesab edirlər ki, deputatların sayının artırılması ilə bağlı təklifin reallaşması mümkün deyil.

"Bu cür Konstitusiya dəyişikliyi yalnız referendum vasitəsilə reallaşa bilər. 2008-ci ilin mart ayında keçirilən Konstitusiyaya dəyişikliklər ərəfəsi deputatların sayının artırılması, eləcə də proporsional seçki sisteminin bərpası təklifini irəli sürənlərdən biri mən olsam da, bu məsələlər referendum layihəsinə daxil edilmədi", - cümə günü Trend -a Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı bildirib.

Ağamalının sözlərinə görə, indiki halda bu təklif subyektiv görünür və müzakirəyə çıxarılmasına ehtiyac yoxdur.

"Deputatların sayının artırılmasına indi ehtiyac olmadığı kimi mümkün də deyil", - cümə günü Trend -a Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bildirib.

Millət vəkili deyib ki, bu cür təkliflə özü də 5-6 il əvvəl çıxış edib.

"Gürcüstanın əhalisi 4 milyondur, orada deputatların sayı 200-dən çoxdur. Azərbaycanın əhalisinin sayı artıq 9 milyonu keçdiyindən 125 deputat azdır. Bu baxımdan sayın artırılmasına ehtiyac var, amma bugünkü vəziyyətdə real görünmür", - İbrahimov əlavə edib.

"Biz proporsional seçki sisteminin bərpa olunması ilə yanaşı, deputatların sayının 201 nəfərə çatdırılmasının tərəfdarıyıq", - cümə günü Trend -a Müsavat deputat qrupunun üzvü Arzu Səmədbəyli bildirib.

Onun fikrincə, vaxtilə Milli Məclisdə digər partiyaları təmsil edən deputatlar bununla bağlı müxtəlif təkliflər irəli sürsələr də, reallaşması mümkün olmayıb.

"İndi də təklifin qəbul olunacağına ümid etmirəm", - millət vəkili vurğulayıb.

"Deputatların sayının artırılması ideyası normal olsa da, bu, konstitusiya dəyişikliyi olduğundan, indiki vəziyyətdə real görünmür", - cümə günü Trend -a Böyük Quruluş Partiyasının (BQP) başqanı, millət vəkili Fazil Mustafa bildirib.

Mustafa deyib ki, referendum ötən il keçirilib və deputatların sayının artırılması məqsədi ilə heç bir addım atılmayıb.

"Deputatların yarısının majoritar, yarısının isə proporsional sistem üzrə seçilməsi təklifləri də qəbul olunmadı. İndi böyük vəsait xərcləyərək yenidən referendumun keçirilməsi real görünmür", - millət vəkili xatırladıb.

Azərbaycan Parlamenti 125 deputatla təmsil olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti