Azərbaycan, Bakı, 28 yanvar / Trend , müxbir A.Hüseynbala/
Azərbaycan Parlamentinin sabiq spikeri hesab edir ki, müxalifət parlament seçkilərində vahid namizədlə iştirak edərsə, uğur qazana bilər.
"Müxalifət parlament seçkilərində ciddi uğur qazanmaq istəyirsə, mütləq namizədlərin vahid siyahısı müəyyənləşdirilməlidir. Müxalifət seçkilərdə ayrı-ayrılıqda iştirak edəndə təkcə hakimiyyətin nümayəndələri ilə yox, həm də özlərinin üzvlərinə qarşı mübarizə aparmalı olurlar", - cümə axşamı Trend -a Ali Sovetin keçmiş sədri Yaqub Məmmədov bildirib.
Trend -un arayışı: Azərbaycanda parlament seçkilərinin 2010-cu ilin payızında keçiriləcəyi gözlənilir. Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində keçirilir.
Məmmədovun sözlərinə görə, eloktoratı parçalamamaq üçün müxalifətin bir blokda birləşməsi daha məqsədəuyğundur.
"Bu zaman cəmiyyətin fəallaşmasına da nail olmaq mümkündür. Fikrimcə, müxalifət bir yerdə olarsa, parlament seçkilərində daha çox deputat yeri qazanmaq şanslarını da artıracaq", - parlamentin keçmiş sədri əlavə edib.
Onun fikrincə, müxalifətin seçkilərdə hansı formada iştirakı məsələsini partiya rəhbərləri özləri həll etməlidir. "Liderlər hər bir partiyanın və namizədliyini irəli sürəcək şəxsin şansının nə qədər olduğunu hamıdan yaxşı bilirlər. Əslində mənim məsləhətimə onların bir o qədər də ehtiyacları yoxdur", - Məmmədov vurğulayıb.
Eks-spiker Müsavat Partiyasının başqanı İsa Qəmbərin müxalifətdə təmsil olunan bəzi partiayların ünvanına söylədiyi ciddi ittihamalara da münasibətini bildirib. "İsa Qəmbərin, eləcə də digər partiya rəhbərlərinin söylədiyi fikirlər dəhlizlərdə, təkbətək görüşlərdə, ayrı-ayrı yığıncaqlarda həmişə olub. Müsavat başqanı bunları bu dəfə bir qədər açıq formada ictimaiyyətə çatdırdı", - o xatırladıb.
Məmmədovun fikrincə, müxalifətin tərkibində hakimiyyətə, xarici ölkələrin xüsusi xidmət orqanlarına qulluq edənlərin olması ilə bağlı Qəmbərin söylədikləri sadəcə bu məsələni bir qədər aktuallaşdırıb. "Burada qeyri-adı heç nə yoxdur", - eks-spiker əlavə edib.
O, parlament seçkilərində namizədliyini irəli sürmək, yaxud bu prosesdə hər hansı formada iştirak etmək niyyətində olmadığını da qeyd edib. "Amma seçki ərəfəsi daha əlverişli şərait yaranarsa, eləcə də ehtiyac yaranarsa, fikirləşə bilərəm", - Məmmədov bildirib.
Yaqub Məmmədov 1992-ci ilin mart ayında Ali Sovetin sədri seçilib. Həmin ilin may ayında vəzifəsindən istefa verib.
Yaqub Məmmədov 2005-ci il parlament seçkilərində "Yeni Siyasət" Seçki Blokunun Koordinasiya Şurasının üzvü kimi 22 saylı Nəsimi ikinci seçki dairəsindən namizədliyini irəli sürsə də deputat seçilməyib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]