...

İranda həbs olunan azərbaycanlı alimlə bağlı məsələni araşdırırıq – Parlamentin sədri

Siyasət Materials 12 Fevral 2010 12:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 fevral / Trend , müxbir A.Hüseynbala/

Azərbaycan Parlamentinin spikeri bəyan edib ki, İranda həbs olunan azərbaycanlı alimlə bağlı araşdırmalar aparılır.

"Rəşid Əliyevlə bağlı mənə də müraciətlər edilib. Biz bununla bağlı araşdırma aparırıq və nəticəsindən asılı olaraq tədbir görəcəyik", - Trend -un məlumatına görə, bunu Milli Məclisin cümə günü keçirilən iclasında spiker Oqtay Əsədov bildirib.

Trend -un arayışı: Bakı Dövlət Universitetinin Fizika Problemləri İnstitutunun Bioloji sistemlər fizikası laboratoriyasının aparıcı fizik-mühəndisi Rəşid Əliyev İranın "Sazan Elektronics İndustry company" şirkətinin dəvəti və BDU-nun razılığı əsasında başlanmış əməkdaşlıq müqaviləsi çərçivəsində 2006-2008-ci illərdə həmin şirkətdə çalışıb. Şirkətin rəhbərliyi azərbaycanlı alimə İranda daimi qalıb işləməsi ilə bağlı dəfələrlə təklif etsə də, bu təklifləri qəbul etməyib və respublikaya qayıdıb. Şirkətin direktoru Eftexarinin təkidli xahişindən sonra Əliyev sonuncu dəfə ötən il oktyabrın 5-də qısa müddətə İrana qayıdıb. Oktyabrın 6-da isə viza problemini bəhanə gətirərək onu həbs ediblər.

İranın "Sazan Elektronics İndustry company" şirkətinin rəhbəri Abbas Eftexari daha öncə Trend -a bildirib ki, Əliyevin həbsinin həmin şirkətlə Bakı Dövlət Universiteti arasında bağlanmış müqavilə ilə heç bir əlaqəsi yoxdur.

Azərbaycan Ədliyyə Nazirliyi İranda həbs edilən azərbaycanlı lazer mütəxəssisinin işi ilə bağlı bu ölkənin müvafiq qurumuna sorğu göndərib.

"Deputatların bir hissəsi İran Parlamentinin sədrinə Rəşid Əliyevin azadlığa buraxılması üçün müraciət etsə də, indiyədək məsələ müsbət həll olunmayıb", - bunu isə iclasda Böyük Quruluş Partiyasının başqanı, millər vəkili Fazil Mustafa bildirib.

Mustafa spikerdən xahiş edib ki, İrana yaxın zamanda nəzərdə tutulan səfəri zamanı bu ölkənin rəsmi dairələri qarşısında Əliyevlə bağlı məsələni bir daha qaldırsın.

Xəbər lenti

Xəbər lenti