...

ABŞ Konqresində sonuncu müzakirələr regiona sülh və stabillik gətirə bilməz - Azərbaycan XİN

Siyasət Materials 11 Mart 2010 13:22 (UTC +04:00)
Əgər ABŞ Konqresi yüz il əvvəlki hadisələri müzakirə edirsə, onda 20 il əvvəlki məsələləri də qiymətləndirməlidir. Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.
ABŞ Konqresində sonuncu müzakirələr regiona sülh və stabillik gətirə bilməz - Azərbaycan XİN

Azərbaycan, Bakı, 11 mart / Trend , müxbir Ü.Sadıxova/

Əgər ABŞ Konqresi yüz il əvvəlki hadisələri müzakirə edirsə, onda 20 il əvvəlki məsələləri də qiymətləndirməlidir. Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

"Bu nöqteyi-nəzərdən düşünmürəm ki, Konqresdə olan sonuncu müzakirələr regionda sülh və stabilliyə səbəb olsun", - bu barədə nazir Bakıda keçirilən Xəzərdə təhlükəsizliyin təminatı sahəsində sərhəd-gömrük xidmətləri və daxili işlər idarələrinin xətti ilə qarşılıqlı fəaliyyətə dair saziş layihəsinin razılaşdırılması məsələsinə həsr olunmuş iclasda bildirib.

Məmmədyarovun sözlərinə əsasən, əgər Konqresdə Qafqazda sülhü müzakirə edirlərsə, onda həqiqi hadisələr və Azərbaycanın iyirmi faiz torpaqlarının Ermənistanın işğalı altında olması faktı nəzərə alınmalıdır.

ABŞ Konqresinin Xarici əlaqələr komitəsi martın 4-ü keçirdiyi iclasda 23 səs lehinə, 22 səs əleyhinə olmaqla qondarma "erməni soyqırımı"nın tanınmasına dair qətnamə qəbul edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti