...

Bakıda narkotiklərlə bağlı cinayətlərin sayı artıb - BŞPİ

Siyasət Materials 12 Mart 2010 14:52 (UTC +04:00)
Trend News-un məlumatına görə, bu barədə Bakı Şəhər Baş Polis İdarəsində keçirilən mətbuat konfransında məlumat verilib.
Bakıda narkotiklərlə bağlı cinayətlərin sayı artıb - BŞPİ

Azərbaycan, Bakı, 12 mart / Trend , müxbir K.Zərbalıyeva/

Bakıda cari ilin ilk iki ayında narkotiklərlə bağlı cinayətlərin sayı artıb.

Trend -un məlumatına görə, bu barədə Bakı Şəhər Baş Polis İdarəsində keçirilən mətbuat konfransında məlumat verilib.

İdarənin mətbuat xidmətinin rəhbəri Qalib Arif bildirib ki, bu ilin iki ayında Bakıda narkotika cinayətləri ilə bağlı 290 fakt qeydə alınıb. Ötən ilin müvafiq dövründə bu göstərici 245 təşkil edib.

Bu qəbildən olan cinayətlərin açılma faizi isə yüksək - 88 faiz olub.

Onun sözlərinə görə, narkotik maddələrin satışı ilə əlaqədar cinayətlərin açılması da 15 faiz artıb. Bu ilin 2 ayı ərzində  dövriyyədən 33,3 kiloqram qanunsuz narkotik vasitə (18,7 kiloqram ağır və 14,6 kiloqram yüngül narkotik olmaqla) çıxarılıb ki, bu da keçən ilin müvafiq dövründəkindən, təxminən, 30 faiz çoxdur.

Hesabat dövründə Bakı şəhərində 1569 cinayət hadisəsi qeydə alınıb. Bu ilin ilk 2 ayında qeydə alınan cinayətlərin sayı keçən ilin müvafiq dövrü ilə müqayisədə 4,9 faiz çoxdur. Cinayətlərin açılma faizi isə artaraq, 69 faiz təşkil edib. Şəxsiyyət əleyhinə olan cinayətlərdən qəsdən adamöldürmə, adam oğurluğu, zorlama kimi ağır cinayətlərin sayı keçən ilin müvafiq dövrü ilə müqayisədə azalıb, açılma faizi isə 100 faiz təşkil edib.

Bu ilin yanvar və fevral aylarında mülkiyyət əleyhinə cinayətlərin sayı isə keçən ilin müvafiq dövrü ilə müqayisədə 11,3 faiz artıb.

2010-cu ilin ilk 2 ayında adamları girovgötürmə, banditizm kimi ağır cinayətlər, ümumiyyətlə, qeydə alınmayıb.

2010-cu ilin ilk 2 ayı ərzində yol hərəkəti və nəqliyyat vasitələri istismarı qaydalarının pozulması halları keçən ilin müvafiq dövrünə nisbətən 15 faiz artıb. Ölüm hallarının sayı da 41-dən 52-yə qalxıb.

Xəbər lenti

Xəbər lenti