...

Azərbaycan və Belarus XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

Siyasət Materials 30 Mart 2010 19:55 (UTC +04:00)
Azərbaycan Xarici İşlər Nazirliyində çərşənbə axşamı Azərbaycan və Belarus XİN-ləri arasında Belarusun xarici işlər nazirinin birinci müavini, nümayəndə heyətinin rəhbəri İqor Petrişenko və Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfovun rəhbərliyi ilə siyasi məsləhətləşmələr keçirilib.
Azərbaycan və Belarus XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

Azərbaycan, Bakı, 30 mart / Trend /

Azərbaycan Xarici İşlər Nazirliyində çərşənbə axşamı Azərbaycan və Belarus XİN-ləri arasında Belarusun xarici işlər nazirinin birinci müavini, nümayəndə heyətinin rəhbəri İqor Petrişenko və Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfovun rəhbərliyi ilə siyasi məsləhətləşmələr keçirilib. Bu barədə Azərbaycan XİN-in mətbuat xidmətinin məlumatında bildirilir.

Danışıqlar zamanı ikitərəfli münasibətlərin inkişafı, yüksək səviyyəli qarşılıqlı səfərlərin davam etdirilməsi, parlamentlərarası əlaqələrin intensivləşdirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində ikitərəfli əməkdaşlığın əlaqələndirilməsi, Avropa İttifaqının "Şərq tərəfdaşlığı" təşəbbüsü çərçivəsində əməkdaşlıq, regionlararası əməkdaşlıq, konsulluq məsələləri üzrə qarşılıqlı fəaliyyət, müqavilə-hüquq bazasının möhkəmləndirilməsi, XİN-lər arasında tematik məsləhətləşmələrin keçirilməsi və digər aktual məsələlər müzakirə olunub.

İki ölkə arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğu qeyd olunub, iqtisadi, o cümlədən maşınqayırma, aqro-sənaye kompleksi, logistika, təhsil, mədəniyyət və humanitar sahələrdə əlaqələrin daha da genişləndirilməsinin vacibliyi vurğulanıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında geniş məlumat təqdim edilib, münaqişənin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü əsasında həll olunmasının və Ermənistan təcavüzünün ağır nəticələrinin aradan qaldırılmasının regionda davamlı sülhə nail olmanın yeganə yolu olduğu bildirilib.

Ölkələrimizin BMT, ATƏT, Aİ çərçivəsində qarşılıqlı fəaliyyəti, habelə Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" təşəbbüsünün əlaqələrin daha da dərinləşməsi üçün daha geniş imkanlar açdığı qeyd edilib.

Görüşdə habelə, Azərbaycan XİN-in Diplomatik Akademiyasının yaradılması və fəaliyyəti barədə söz açılıb, diplomatik kadrların hazırlanması və təkmilləşdirilməsi sahəsində əməkdaşlığın aparılmasının imkanları bildirilib.

Görüşdə həmçinin qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Petrişenko Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər naziri Elmar MəmmədyarovPrezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov tərəfindən qəbul olunub.

Səfər çərçivəsində Petrişenko Diplomatik Akademiyada təhsil ocağının fəaliyyəti və tədris prosesi ilə yaxından tanış olub.

Xəbər lenti

Xəbər lenti