Azərbaycan, Bakı, 6 aprel /Trend, müxbir M.Əliyev/
Rusiya Federasiyasının Bakıdakı səfirliyi Azərbaycan Xarici İşlər Nazirliyinə təşəkkür məktubu göndərib.
ARDNŞ-nin rəsmi internet saytının yaydığı məlumata görə, sənəddə qeyd olunur ki, səfirlik martın 11-dən 12-nə keçən gecə Rusiya Federasiyasının bayrağı altında üzən "Kaykənd" balıqçı gəmisində baş vermiş yanğın zamanı gəminin və ekipajın xilas olunmasında fəal iştirak etmiş ARDNŞ-nin Xəzər Dəniz Neft Donanmasına və Fövqəladə Hallar Nazirliyinə təşəkkür edir.
Məhz Azərbaycan dənizçiləri və xilasedicilərinin fəaliyyəti nəticəsində ekipajın 15 üzvünü və bortunda yük olan gəmini xilas etmək mümkün olub. Səfirlik bu hadisəni yüksək qiymətləndirir. Məktubda qeyd olunur ki, Rusiya bayrağı altında üzən gəminin Azərbaycan dənizçiləri tərəfindən xilas edilməsi ölkələrimiz arasındakı dostluq münasibətlərinin daha bir təzahürüdür.
"Kaykənd" gəmisində baş vermiş yanğın zamanı xilasetmə işləri Xəzər Dəniz Neft Donanmasının "Gültəkin Əsgərova" təchizat-yedək və "Vixr-9" yanğınsöndürən gəmiləri ilə aparılmışdı. "Kaykənd" gəmisi "Vixr-9" gəmisinin köməkliyi ilə söndürülmüşdü.