...

"Vaşinqton Post" qəzeti təzyiq elementlərindən istifadə edir - hakim partiyanın sədr müavini

Siyasət Materials 8 Aprel 2010 14:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycanın hakim partiyasının sədr müavini hesab edir ki, "Vaşinqton Post" qəzeti təzyiq elementlərindən istifadə edir.

"Çox yaxşı olardı ki, "Vaşinqton Post" qəzetində Azərbaycan torpaqlarının 20 ildən çox ermənilər tərəfindən işğal olunduğu haqqında, bir milyona qədər insanların məcburi köçkün vəziyyətinə salınmasından məqalə dərc olunardı. Onda biz "Vaşinqton Post" qəzetinin mövqeyinin ədalətli olduğunu görərdik. İndiyədək "Vaşinqton Post"da Əli Kərimlinin məqaləsinin dərc olunması heç yada düşmürdü. Amma Azərbaycan və Türkiyəyə təyziqlər göstərildiyi bir məqamda, bu təzyiqlərin bir tərkib elementi kimi belə məqalələrin dərc olunması və bunun üçün azərbaycanlının seçilməsi çox böyük təəssüf doğurur", - Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə Yeni Azərbaycan Partiyasının sədr müavini, icraçı katib Əli Əhmədov bildirib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin "Vaşinqton Post" qəzetində yazısı dərc olunub.

Əhmədov deyib ki, siyasətlə məşğul olan insan üçün başucalığı gətirəcək yeganə bir şey var - öz xalqına, seçicilərinə arxalanmaq, onlara güvənmək.

"Azərbaycandan kənarda kiməsə arxalanaraq uğur əldə etmək istəyənin taleyi acı olur. Ölkədən kənarda hansısa qüvvələrə arxalanaraq, hakimiyyət iddiasını reallaşdırmaq niyyətini saxlayan insanlar, təbii ki, öz xalqına heç nə verə bilməzlər", - Əhmədov əlavə edib.

Xəbər lenti

Xəbər lenti