PremiumAzərbaycanın müxalifət partiyalarının ittifaqı birgə kütləvi aksiyalarla bağlı məsləhətləşmələrə başlayacaq

Siyasət Materials 12 Aprel 2010 15:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 aprel /Trend, müxbir A.Hüseynbala/

Azərbaycanın bir neçə müxalifət partiyasının təmsil olunduğu ittifaq kütləvi aksiyaların bir yerdə keçirilməsi məqsədilə təkliflərini partiyalara çatdırıb.

"Bu həftə ərzində Müsavat və "Azadlıq" blokunda təmsil olunan partiyalarla birgə kütləvi aksiyaların keçirilməsi üçün müzakirələrə başlayacağıq", - bazar ertəsi Trend-ə Demokratiya Uğrunda İttifaqda (DUİ) təmsil olunan Azadlıq Partiyasının sədri Əhməd Oruc bildirib.

Orucun sözlərinə görə, görüşlərdə Seçki Məcəlləsinə əlavə və dəyişikliklər və seçki komissiyalarının yenidən formalaşdırılması üçün müxalifətin irəli sürdüyü təkliflər də müzakirə olunacaq. "Bu həftə DUİ ilə Müsavat Partiyasının deputatlığa namizədlərinin müəyyənləşdirilməsi istiqamətində başladığımız müzakirələri yekunlaşdırmaq niyyətindəyik", - partiya sədri əlavə edib.

Onun fikrincə, namizədlərlə bağlı həm DUİ-nin Sədrlər Şurası, həm də Müsavat rəhbərliyi arasında ciddi fikir ayrılığı yoxdur. "Hər iki tərəf daha şanslı namizədlərin irəli sürülməsi üçün qarşılıqlı güzəştə getməyə hazırdır", - Oruc vurğulayıb.

Partiya sədri deyib ki, DUİ-nin təşəbbüsü ilə aprelin 21-də Klassik Xalq Cəbhəsi Partiyasının qərargahında sayca 12-ci Qarabağ Forumu keçiriləcək.

DUİ ötən həftənin əvvəlində müxalifətin birgə kütləvi aksiyalar keçirməsi üçün də təkliflə çıxış edib.

Dеmоkrаtiyа Uğrunda İttifаqı 2005-ci il parlamеnt seçkisindən sonra müxalifətçi Klassık Xalq Cəbhəsi, Azadlıq və Milli Demokrat partiyaları yаrаdıb. 2008-ci il sеntyаbrın əvvəllərində Böyük Azərbаycаn, nоyаbr аyındа isə Хаlq pаrtiyаlаrı DUİ-yə üzv qəbul оlunub. İttifаq bu pаrtiyaların məşvərət və əməkdaşlıq qurumudur. 2009-ci ilin oktyabr ayında Milli Demokrat Partiyası DUİ-dən çıxarılıb və Milli Qurtuluş Partiyasının quruma üzv qəbul olunması barədə qərar verilib.

Xəbər lenti

Xəbər lenti