Gürcüstan nümayəndə heyəti AŞ PA həmməruzəçilərinin hesabatına etirazını bildirib

Siyasət Materials 26 Aprel 2010 16:44 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 26 aprel /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan Parlamentinin nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasında gürcü-rus müharibəsi ilə bağlı hesabatın müzakirəsində iştirakdan imtina edir. Gürcüstan nümayəndə heyətinin rəhbəri Petre Siskarişvili jurnalistlərə bildirib ki, Monitorinq Komitəsinin iclasında gürcü tərəfi AŞ PA-nın həmməruzəçiləri Devid VilşayerMatas Yorşun Gürcüstan-Rusiya müharibəsindən sonrakı vəziyyətə dair hesabatına etirazını bildirib.

"Bu hesabat Gürcüstan və Rusiyanın Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmələrini işıqlandırmalı idi. Lakin Vilşayer beynəlxalq normaları pozduğuna görə, biz bu hesabatın obyektivliyinə şübhə etdik və həmkarlarımızın razılığı ilə sənədə etirazımızı bildirdik", - deyib.

Siskarişvili qeyd edib ki, Devid Vilşayer Tbilisidən Sxinvaliyə buraxılmayıb və o, Moskvaya gələrkən Cənubi Osetiya separatçı respublikasının "səfirliyində" olub.

"Bu, ümumqəbul olunmuş Avropa Şurası normalarının pozulmasıdır. Odur ki, biz hesab edirik ki, bu cür adamın hesabat hazırlamağa haqqı yoxdur və həmkarlarımız da bu fikri dəstəkləyirlər", - Gürcüstan nümayəndə heyətinin rəhbəri bildirib.

Bu yaxınlarda Gürcüstanda olan Devid Vilşayer və Matias Yorş gürcü-rus müharibəsi ilə bağlı hesabat hazırlayıblar. Onlar Tbilisidə rəsmi qurumların nümayəndələri ilə görüşüblər, Suxumidə olublar, lakin Sxinvaliyə buraxılmayıblar.

Qeyd edək ki, sessiyanın gündəliyinə Haydi Talyavininin rəhbərliyi ilə beynəlxalq komissiyasının 2008-ci ilin avqustunda baş vermiş Gürcüstan-Rusiya müharibəsi haqqında rəyi də daxil edilib.

Xəbər lenti

Xəbər lenti