...

Ermənistanda "dedovşina" faktları ildən-ilə artmaqdadır – Azərbaycan Parlamentinin deputatı

Siyasət Materials 4 May 2010 12:32 (UTC +04:00)
Azərbaycan Parlamentinin komitə sədrinin müavini hesab edir ki, orduda qulluq etmək erməni vətəndaşları üçün şərəf yox, zülmə çevrilib.
Ermənistanda "dedovşina" faktları ildən-ilə artmaqdadır – Azərbaycan Parlamentinin deputatı

Azərbaycan, Bakı, 04 may /Trend, müxbir A.Hüseynbala/

Azərbaycan Parlamentinin komitə sədrinin müavini hesab edir ki, orduda qulluq etmək erməni vətəndaşları üçün şərəf yox, zülmə çevrilib.

"Ermənistanda xidmətdən yayınma halları, "dedovşina" faktları ildən-ilə artmaqdadır. Orduda hansısa vətənpərvərlikdən, ruh yüksəkliyindən danışmaq olmaz. Ermənistan ordusunun maddi təminatının zəifliyi şəxsi heyətin ruh yüksəkliyinin zəifliyində özünü göstərir. Ordu köhnə silahlarla təchiz olunub, ərzaq təminatı bərbad vəziyyətdədir. Orduya dövlət büdcəsindən ayrılan vəsaitin böyük bir hissəsi müxtəlif mərhələlərdə mənimsənilir", - Trend-in məlumatına görə, çərşənbə axşamı Yeni Azərbaycan Partiyasının internet saytına Siyasi Şuranın üzvü, Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə bildirib.

Mirzəzadə deyib ki, Ermənistan başqa dövlətlərin torpaqlarına iddia edir, başqa dövlətlərin mədəniyyətini, tarixini mənimsəmə siyasəti həyata keçirir, güclü, müasir dövlət qurmaq siyasətini militarist, orta əsr təfəkkürünə malik ideologiya ilə əvəz edir.

"Bu siyasət isə ciddi böhrana, inkişaf imkanlarından məhrum olmağa gətirib çıxarır. Azərbaycan və Ermənistan dövlətlərinin qüdrətinin, Azərbaycan və Ermənistan ordularının təhlili bu müqayisənin bizim xeyrimizə olduğunu göstərir", - hakim partiyanın Siyasi Şurasının üzvü xatırladıb.

Deputat deyib ki, "Azərbaycan Ordusu bu gün dövlətin qüdrətinin nümunəsidir, xalqımızın iftixar yeridir".

"Azərbaycan Ordusu dövlətimizin ərazi bütövlüyünü təmin etmək iqtidarında olan yüksək hazırlıqlı təsisatdır", - Mirzəzadə bildirib.

Mirzəzadənin sözlərinə görə, beynəlxalq hərbi tədqiqat mərkəzlərinin verdiyi qiymətə görə, regionun ən hazırlıqlı və ən müasir ordusu Azərbaycan Ordusudur: "Bütün bunlar Azərbaycan Silahlı Qüvvələrinin bugünkü ən müasir tələblərə cavab verdiyini göstərir. Bu fakt torpaqlarımızın 20 faizini işğal etmiş və bütün siyasətini ancaq və ancaq qonşu dövlətlərin torpaqlarının işğalı üstündə quran Ermənistanda da kifayət qədər məlumdur", - millət vəkili əlavə edib.

Xəbər lenti

Xəbər lenti