...

Budapeştdə Avropa Xəbər Agentlikləri Alyansinin konfransi işini davam etdirir

Siyasət Materials 8 May 2010 00:27 (UTC +04:00)
Mayın 7-də Budapeştdə “Xəbər agentliklərinin gələcəyi: sosial media, naşirlər və brodkasterlər. Biz birlikdə pul qazana bilərikmi?” mövzusunda konfrans işini davam etdirmişdir. Konfrans Avropa Xəbər Agentlikləri Alyansı (EANA) və Macarıstanın MTİ informasiya agentliyi tərəfindən təşkil edilmişdir

Mayın 7-də Budapeştdə "Xəbər agentliklərinin gələcəyi: sosial media, naşirlər və brodkasterlər. Biz birlikdə pul qazana bilərikmi?" mövzusunda konfrans işini davam etdirmişdir. Konfrans Avropa Xəbər Agentlikləri Alyansı (EANA) və Macarıstanın MTİ informasiya agentliyi tərəfindən təşkil edilmişdir.

Konfransın ikinci günü Azərbaycan Dövlət Teleqraf Agentliyinin - AzərTAc-ın baş direktoru Aslan Aslanov məruzə etmişdir. O, çıxışında cəmiyyətin həyatında sosial medianın rolundan və bir tərəfdən fərdi və korporativ xəbərlər istehlakçısı, digər tərəfdən bu xəbərlərin istehsalçısı arasında qarşılıqlı münasibətlərin transformasiyasından danışmışdır. A.Aslanov demişdir: "XX əsrin sonunda multimedia texnologiyalarının inkişafı və informasiya sahəsinə internet, mobil rabitə və s. kimi yeniliklərin tədqiqi sosial mediada əsl bum yaratmış, cəmiyyətin sosial cəhətdən fəal olan hər bir üzvünün gündəlik həyatının bir hissəsinə çevrilmişdir".

AzərTAc-ın baş direktoru diqqətə çatdırmışdır ki, dünənki xəbər istehlakçılarının bir çoxu bu gün öz bloqlarını yaratmaqla, "Facebook", "Twitter" kimi sosial saytlarda iştirak etməklə, "Youtube"də videomateriallar yerləşdirməklə istehsalçılara çevrilirlər. Bu gün onlar xəbərləri oxumaqla kifayətlənməyib, özləri də xəbər yaradırlar. Bu ənənəvi KİV-lərlə sürətlə inkişaf edən sosial media arasındakı qarşılıqlı fəaliyyətin əhəmiyyətini artırır.

Aslan Aslanov demişdir ki, gələcəkdə informasiya bazarında inteqrasiya prosesləri labüddür. Lakin informasiya agentliklərinin fəlsəfəsi olduğu kimi qalır: səhih, obyektiv xəbərlər istehsal edib, onları operativ surətdə cəmiyyətə çatdırmaq. Biz bu missiyaya həmişə sadiq qalmalıyıq.

Finlandiyanın STT-Lehtikuva informasiya agentliyinin baş redaktoru Mika Peterson və Avropa Qəzet Naşirləri Assosiasiyasının icraçı direktoru Valteri Niiranen məruzələrində KİV-lərin fəaliyyətində kommersiya xarakterli məsələlərə və informasiya bazarında sərt rəqabət şəraitində onların gəlirinin artırılması üsullarına toxunmuşlar. "Pa Group BBC"-nin direktoru Stiven Braun Britaniyanın Bi-Bi-Si mediamaqnatı barədə ətraflı söz açaraq, bu özəl müəssisənin dövlətlə qarşılıqlı münasibətlərindən danışmışdır.

Sosial medianın inkişaf etdiyi dövrdə xəbər agentliklərinin aktuallığının və sənayecə inkişaf etmiş və "informasiya qıtlığı" keçirən cəmiyyətlərin həyatında bu yeni təzahürlə uğurlu qarşılıqlı fəaliyyətinin saxlanılması mövzusunda diskussiyalarda Assoşieyted Press agentliyinin strategiya məsələləri üzrə direktor müavini Andon Baldakov, İtaliyanın ANSA agentliyinin icraçı direktoru Cüzeppe Kerbone, Niderlandın ANP agentliyinin baş redaktoru və icraçı direktoru Erik van Qruytuysen və Xorvatiyanın HİNA agentliyinin müşaviri Fyodr Polayaç iştirak etmişlər.

EANA-nın və Macarıstanın MTİ agentliyinin prezidenti Matyas Vins yekun nitqi söyləmişdir.

Konfrans mayın 8-də işini davam etdirəcəkdir.

Xəbər lenti

Xəbər lenti