...

Azərbaycan beynəlxalq hüququn prinsiplərinin müdafiə edilməsində Serbiyaya arxayın ola bilər - Prezident Boris Tadiç

Siyasət Materials 13 May 2010 22:42 (UTC +04:00)
Siz çoxtərəfli təsisatlarda beynəlxalq hüququn prinsiplərinin müdafiə edilməsində bizə arxayın ola bilərsiniz. Bu, prinsipial məsələdir, bunu Prezident Boris Tadiç cümə axşamı Azərbaycan-Serbiya sənədlərinin imzalanma mərasimi başa çatdıqdan sonra mətbuat qarşısında etdiyi bəyanatında deyib.
Azərbaycan beynəlxalq hüququn prinsiplərinin müdafiə edilməsində Serbiyaya arxayın ola bilər - Prezident Boris Tadiç

Siz çoxtərəfli təsisatlarda beynəlxalq hüququn prinsiplərinin müdafiə edilməsində bizə arxayın ola bilərsiniz. Bu, prinsipial məsələdir, bunu Prezident Boris Tadiç cümə axşamı Azərbaycan-Serbiya sənədlərinin imzalanma mərasimi başa çatdıqdan sonra mətbuat qarşısında etdiyi bəyanatında deyib.

"Həqiqətən Serbiya hökumətinin nümayəndə heyəti ilə Bakıda - Azərbaycanda olmağımdan, Sizinlə və Sizin nümayəndə heyəti ilə ikitərəfli münasibətlərimiz və tarixi imkanlarımız barədə danışıqlar aparmaqdan, üzləşdiyimiz problem və çağırışları müzakirə etməkdən şərəf hissi duyuram.

Mən görürəm ki, bizim ümumi problem və çağırışlarımız vardır. Mən ərazi bütövlüyümüzü, ölkələrimizi qorumaq məsələləri ilə yanaşı, həmçinin mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə kimi çağırışları, ümumiyyətlə, ölkələrimizin gələcək inkişafı ilə bağlı məsələləri qeyd etmək istərdim. Bunlar özləri də hər iki tərəf üçün bir çağırışdır" Boris Tadiç deyib, məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Tadiç bildirib ki, Serbiya Birləşmiş Millətlər Təşkilatına üzv olan ölkələrdə separatçılıq etmək məqsədi ilə etnik bəhanələrdən istifadə edən separatçıların tamamilə əleyhinədir.

"Bu səbəbdən də biz Serbiyanın cənub əyaləti olan Kosovoya dair ölkəmizin ərazi bütövlüyü ilə bağlı maraqlarımızdan imtina etmirik.

Cənab Prezident, biz iqtisadi sahədə, enerji sektorunda əməkdaşlığımızdan, iqtisadiyyatımızın digər sahələri ilə bağlı əlaqələrimizdən danışdıq. Mən tam əminəm ki, biz iş adamlarımız, xalqlarımız və ümumiyyətlə, ölkələrimiz üçün həqiqətən də yaxşı imkanlar yarada bilərik" Serbiya Prezidenti çıxışında deyib.

Tadiç bəyan edib ki, qlobal enerji siyasətində Azərbaycan enerji sektorunun əsas iştirakçılarından biridir. Enerji təhlükəsizliyi baxımından Azərbaycanın rolu çox əhəmiyyətlidir.

"Biz Azərbaycanın enerji planlarına qoşulmaqda çox maraqlıyıq. Azərbaycan, Gürcüstan və Rumıniya marşrutu ilə sıxılmış qazın nəqlinə dair layihə və Azərbaycanın digər planları da Serbiya üçün olduqca maraqlıdır. Serbiyanın neft şirkətləri ölkənizin işgüzar dairələri ilə enerji sektorunda daha yaxşı mühitin yaradılması imkanlarını müzakirə edəcəklər.

Cənab Prezident, eyni zamanda, ölkənizin şirkətləri də Serbiya iqtisadiyyatının müxtəlif sahələrinə sərmayə qoya bilərlər. Biz bu haqda danışmışıq. Mən tam əminəm ki, bu səfərdən sonra biz işgüzar dairələrimiz üçün daha yaxşı imkanlar və şərait yaratmağa, ölkələrimizdə yeni iş yerlərinin açılmasına hazır olacağıq.

Cənab Prezident, danışıqlarımızın əvvəlində Siz bildirmişdiniz ki, çətinliklər və çağırışlar bir-birimizi daha yaxşı anlamaq üçün münbit şərait yaradır. Sizin də, bizim də qaçqınlarınız vardır. Hazırda Serbiyada yarım milyon məcburi köçkün yaşayır. Biz onların aqibəti üçün məsuliyyət daşıyırıq. Lakin biz prinsipial məsələlərdə öz mövqeyimizi, beynəlxalq qanunları, Helsinki Yekun Aktını, BMT Nizamnaməsini müdafiə etmək üçün səylərimizi davam etdirəcəyik. Bu məsələdə Siz bizə arxayın ola bilərsiniz.

Cənab Prezident, Bakıda - Azərbaycanda bizə göstərilən çox səmimi qəbula görə Sizə minnətdarlığımı bildirirəm və Sizi ölkəmizə səfərə dəvət edirəm" Serbiya Prezidenti çıxışının sonunda deyib.

Xəbər lenti

Xəbər lenti