Azərbaycan, Bakı, 22 may /Trend, müxbir M. Əliyev/
Kubada radio və televiziyalar Azərbaycan haqqında silsilə verilişlər yayımlayıblar. Bu barədə Trend-ə Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyindən bildiriblər.
Azərbaycan mədəniyyət günləri çərçivəsində Kubanın çox dinlənilən "Radio Tauino" kanalında yayımlanan "Caz saatı" verilişi Azərbaycanda milli caz korifeyimiz Vaqif Mustafazadə və onun qızı Əzizə Mustafazadənin yaradıcılığına həsr edilib.
Azərbaycanın milli bayramı - Respuplika Günü ərəfəsində Kubanın "Canal Educativo-2" televiziya kanalında Azərbaycana həsr edilmiş "İguales y Diferentes" ("Bənzərlikər və Fərqlər") proqramı yayımlanıb və verilişdə Azərbaycanın Kubadakı səfiri Aqşin Mehdiyevin geniş müsahibəsi təqdim olunub; Azərbaycanın tarixi keçmişi, əsrarəngiz təbiəti, zəngin mədəniyyəti, iqtisadi, sosial və siyasi sahədə əldə etdiyi nailiyyətləri barədə ətraflı məlumat verilib.