Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir Ü.Sadıqova/
Türkiyə İsrailə münasibətdə, əsasən də iqtisadi və ölkələr arasında hərbi əməkdaşlıq sahəsində, daha sərt addımlar atmalıdır. Bu barədə Trend-ə Türkiyə Böyük Millət Məclisinin deputatı Onur Öymən bildirib.
"Türkiyə İsrailə təzyiq etmək üçün çoxlu vasitələrə malikdir və o, bunlardan yaxın vaxtlarda istifadə etməlidir", - Cümhuriyyət Xalq Partiyasının xarici işlər üzrə komissiyasının sədri Öymən telefonla bildirib.
Türkiyə ilə İsrail arasında münasibətlər mayın 31-də İsrail hərbçilərinin Qəzza sektoruna humanitar yardım aparan "Azadlıq donanması"na hücum etməsindən sonra kəskin şəkildə pisləşib. Hücum nəticəsində 9 nəfər, o cümlədən, 8 türk vətəndaşı həlak olub, 19 nəfər yaralanıb. Bəzilərinin itkin düşdüyü hesab olunur.
Türkiyə Parlamenti çərşənbə günü hökumətdən İsraillə münasibətlərə yenidən baxmağı tələb edib.
Öymənin fikrincə, ilk növbədə, Türkiyə İsraildən silah almaqdan imtina etməli, bununla da ölkələr arasında on ildən artıq müddətdə mövcud olan hərbi əməkdaşlığı zəiflətməlidir.
"Türkiyə təkcə planlaşdırılan sazişlərdən deyil, həm də hərbi əməkdaşlıq sahəsində artıq mövcud olan müqavilələrdən də imtina etməlidir. Lakin bu o demək deyil ki, Ankara İsrailə qarşı silah tətbiq etməlidir", - Öymən bildirib.
Türkiyə Parlamenti həmçinin İsrailə iqtisadi təzyiqlərin artırılmasını da zəruri hesab edir.
"Ankara İsraili iri regional layihələrdən kənarlaşdırmalıdır", - Öymən bildirib.
Türkiyənin "Axşam" qəzeti çərşənbə günü yazıb ki, Ankara İsrailə münasibətdə iqtisadi sanksiyaların müxtəlif variantlarını, eləcə də ölkələr arasında münasibətlərin gələcəkdə daha da gərginləşəyi halda, onun "Mavi axın-2" qaz layihəsindən kənarlaşdırılmasını nəzərdən keçirir.
Ötən ilin martında Rusiya və Türkiyə "Mavi axın-2" layihəsinin reallaşdırılması üzrə işçi qrupun yaradılması barədə razılığa gəliblər. Bu layihə Rusiya təbii qazının Yaxın Şərqə, İsrailə və digər ölkələrə nəqlinə imkan verəcək.
Layihə, həmçinin, artıq mövcud olan və Rusiya qazını Türkiyəyə nəql edən "Mavi axın" Transqara dəniz qaz kəməri ilə paralel yeni qolların tikintisini də nəzərdə tutur.
"Axşam" qəzetinin diplomatik mənbələrə istinadən verdiyi xəbərə görə, Ankarada mümkün cavab tədbirləri çərçivəsində İsraillə reallaşdırılan beynəlxalq layihələrə yenidən baxılması məsələsi müzakirə olunur. Qəzet yazır ki, onlardan biri "Mavi axın-2" layihəsidir.
Materialın yazılmasında R.Hafizoğlu iştirak edib.