...

Xarici mütəxəssislərə Azərbaycan Diplomatik Akademiyasının proqramı əsasında regionun enerji potensialını öyrənmək şansı yaranıb

Siyasət Materials 7 İyun 2010 13:44 (UTC +04:00)
Azərbaycan Diplomatik Akademiyası dörd il ardıcıl olaraq diplomatik, neft və digər sahələrdə çalışan xarici mütəxəssislər üçün nəzərdə tutulan "Baku Summer Energy School" xüsusi ikihəftəlik proqram həyata keçirir. Bu barədə Azərbaycan Diplomatik Akademiyasının xarici siyasət proqramlarının direktoru Fariz İsmayılzadə bildirib.
Xarici mütəxəssislərə Azərbaycan Diplomatik Akademiyasının proqramı əsasında regionun enerji potensialını öyrənmək şansı yaranıb

Azərbaycan, Bakı, 7 iyun /Trend, müxbir E.Tarıverdiyeva/

Azərbaycan Diplomatik Akademiyası dörd il ardıcıl olaraq diplomatik, neft və digər sahələrdə çalışan xarici mütəxəssislər üçün nəzərdə tutulan "Baku Summer Energy School" xüsusi ikihəftəlik proqram həyata keçirir. Bu barədə Azərbaycan Diplomatik Akademiyasının xarici siyasət proqramlarının direktoru Fariz İsmayılzadə bildirib.

Onun sözlərinə görə, iki il dalbadal bu proqram ARDNŞ-lə (Dövlət Neft Şirkəti) birgə həyata keçirilib.

O qeyd edib ki, Bakı yay məktəbində təhsil almaq üçün hər il müxtəlif ölkələrdən mütəxəssislər gəlirlər və onlar azərbaycanlı həmkarları ilə yanaşı, Azərbaycan Diplomatik Akademiyasının proqramında iştirak edirlər.

"Layihəyə elmi konfrans kimi deyil, məhz məktəb kimi baxmaq olar. Çünki təhsil prosesində iştirakçılar çoxlu yeni şeylər öyrənirlər və ilk növbədə, regionun enerji resursları haqda faydalı məlumatlar əldə edirlər", - İsmayılzadə bildirib.

Bu il yay məktəbində təhsil almaq üçün Baham adaları, ABŞ, Rusiya, Türkiyə, İtaliya, Norveç, Polşa, Fransa, Rumıniya, Çexiya, Yunanıstan, Almaniya, Malayziya, Bolqarıstan, Macarıstan, Birləşmiş Ərəb Əmirlikləri, Mozambik və Yaponiyadan nümayəndələr gələcəklər.

İsmayılzadənin sözlərinə görə, təhsil alanların seçim meyarı, ilk növbədə, enerjidaşıyıcıları sahəsi ilə əlaqədar olan iştirakçıların təhsilidir.

Bu il müəllimlərin tərkibində Texas (ABŞ) Universitetinin, Harvard Universitetinin üç, Hayfa Universiteti professorlarının bir nümayəndəsi, TOTAL və ARDNŞ neft şirkətlərinin nümayəndələri, SHELL şirkətinin keçmiş yüksəkçinli əməkdaşı, hazırda Amerikanın "Rice" Universitetinin professoru daxildir.

Həmçinin, İsmayılzadənin sözlərinə görə, layihə iştirakçıları qarşısında siyasətçilər, eləcə də Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev, ARDNŞ rəhbəri Rövnəq Abdullayev mühazirə ilə çıxış edəcəklər.

"Layihə iştirakçılarına regionda enerji siyasətini müəyyən edən müəllimlərə və siyasətçilərə canlı olaraq sual vermək üçün nadir imkan yaradılacaq", - o bildirib.

İsmayılzadənin sözlərinə görə, iştirakçıların əksəriyyəti Azərbaycana Xəzər regionunun enerjidaşıyıcılarını öyrənmək üçün gəlir. Ona görə də Azərbaycan nümayəndələri də daxil olmaqla, müəllimlərin qarışıq tərkibi bu tapşırığa daha çox cavab verir.

"İki gün ARDNŞ-in  inkişaf strategiyasına, gələcək layihələrə və iri neft şirkətlərinin perspektivlərinə həsr olunacaq", - o deyib.

İsmayılzadə qeyd edib ki, yay məktəbindəki ikihəftəlik təhsilin gedişində iştirakçılar Azərbaycanın həm mədəni ənənələri və görməli yerləri, həm də region ölkələri ilə tanış olacaqlar.

Xəbər lenti

Xəbər lenti