...

İran xarici siyasətinə və nüvə məsələsinə dair mövqeyinə yenidən baxacaq – İİR XİN

Siyasət Materials 10 İyun 2010 17:31 (UTC +04:00)
İran nüvə proqramı ilə bağlı xarici siyasətinə, eləcə də bir sıra ölkələrlə münasibətlərinə yenidən baxacaq.
İran xarici siyasətinə və nüvə məsələsinə dair mövqeyinə yenidən baxacaq – İİR XİN

Azərbaycan, Bakı, 10 iyun /Trend, müxbir D.Xatınoğlu/

İran nüvə proqramı ilə bağlı xarici siyasətinə, eləcə də bir sıra ölkələrlə münasibətlərinə yenidən baxacaq. Bu barədə İran XİN-in nümayəndəsi Ramin Mehmanpərəst Tehrandan telefonla Trend-ə bildirib.

BMT Təhlükəsizlik Şurasının İranla bağlı yeni qətnamə layihəsinin qəbulunun lehinə səs verdiklərinə görə Tehranın münasibətlərə yenidən baxacağı ölkələr arasında Mehmanpərəst Bosniya və Herseqovina və Uqandanın adlarını çəkib.

O, həmçinin 1929 saylı qətnaməni dəstəklədiklərinə görə RusiyaÇini də pisləyib və bildirib ki, bu qətnamə konstruktiv deyil, yalnız vəziyyəti çətinləşdirir və münaqişəni qızışdırır.

Mayın 17-də İran, Türkiyə və Braziliya arasında Türkiyə ərazisində uranın mübadiləsi haqqında imzalanan sazişə toxunan Mehmanpərəst deyib ki, hazırda Tehran bu sənədin bəzi detallarını nəzərdən keçirir.

Mehmanpərəst sazişin ləğv edilməsinin mümkünlüyü barədə konkret heç bir fikir söyləməyib və qeyd edib ki, İran tərəfdən hansısa cavab addımının atılacağı barədə əminliklə danışmaq hələ tezdir.

O, həmçinin bildirib ki, hazırda İran Parlamentində İranla Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) arasında əməkdaşlığın məhdudlaşdırılması məsələsi müzakirə olunur.

İran Parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədr müavini İsmayıl Kövsəri Tehrandan telefonla Trend-ə bildirib ki, hazırda İranla BAEA arasında əməkdaşlığın məhdudlaşdırılması layihəsi müzakirə olunur.

Kövsari bildirib ki, İran BAEA ilə əməkdaşlığa hazırdır, lakin Qərb ölkələri bu prosesə bilərəkdən mane olmağa çalışırlar.

Kövsəri onu da deyib ki, uranın mübadiləsi haqqında sazişlə bağlı məsələ hələ də aktualdır, lakin əgər İrana qarşı təzyiqlər artarsa, o, öz mövqeyinə yenidən baxacaq.

Çərşənbə günü BMT Təhlükəsizlik Şurası uranın zənginləşdirilməsi ilə bağlı işləri dayandırmaqdan imtina etməsi ilə əlaqədar İrana qarşı yeni sanksiyaların tətbiqini nəzərdə tutan yeni qətnamə qəbul edib.

Lakin İranın hakim elitası BMT sanksiyalarını Qərbin yalnız səmərəsiz fəaliyyəti kimi qiymətləndirib. Prezident Mahmud Əhmədinejad bu sanksiyaları "ağzı silib, sonra zibilqabına atılan kağız" adlandırıb.

Sənədin lehinə BMT TŞ-nın 12 üzvü səs verib, Türkiyə və Braziliya isə əleyhinə səs verib, Livan bitərəf qalıb. Ənənəvi olaraq İrana münasibətdə təmkinli olmağa çağıran Rusiya və Çin də sanksiyaları dəstəkləyiblər.

Bu, BMT TŞ tərəfindən Tehranın nüvə proqramı ilə bağlı beynəlxalq tələbləri yerinə yetirməməsi üzündən qəbul olunan sayca dördüncü qətnamədir.

Mayın 17-də İran və Türkiyə ikincinin ərazisində 1200 kiloqramlıq az zənginləşdirilmiş uranın 20 faizlik yanacaqla mübadiləsi haqqında saziş imzalayıblar. İranın az zənginləşdirilmiş uranı Tehranla BAEA arasında müvafiq sazişin imzalanmasından sonra bir ay ərzində göndərilə bilər.

Xəbər lenti

Xəbər lenti