...

Azərbaycan müxalifətinin yer üstündə mübahisəsi uşaq cığallığından başqa bir şey deyil - deputat

Siyasət Materials 17 İyun 2010 14:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 iyun /Trend, müxbir T.Hacıyev/

Müxalifətin yer üstündə mübahisəsi uşaq cığallığından başqa bir şey deyil, - Trend-in məlumatına görə, bu barədə cümə axşamı Yeni Azərbaycan Partiyasının (YAP) saytına verdiyi açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, millət vəkili Rəbiyyət Aslanova bildirib.

"Əgər müxalifət partiyalarının təmsilçiləri hüquqi dövlətdə yaşayırlarsa, qanunun aliliyi prinsipinin rəhbər tutulmasını istəyirlərsə, anlamalıdırlar ki, bütün hərəkətlər yalnız qanun çərçivəsində olmalıdır", - Aslanova əlavə edib.

Son vaxtlar Azərbaycan müxalifəti qanunla qadağan olunmuş yerlərdə kütləvi mitinqlər və etiraz aksiyaları keçirməyə cəhd göstərir. Müxalifət partiyaları Bakı Şəhər İcra Hakimiyyətinin ayırdığı yerlərdə mitinq keçirməkdən imtina edir.

Aslanova qeyd edib ki, sərbəst toplaşmaq azadlığı qanunla tənzimlənən məsələdir. Onun sözlərinə görə, yaşadığımız dövlət hüquqi dövlətdir, qanunların gerçəkləşməsinin bariz nümunəsi olan bir cəmiyyətdir və belə bir cəmiyyətdə qeyri-qanuni addımlara yer yoxdur.

"Bu gün Yeni Azərbaycan Partiyası da müvafiq icra hakimiyyəti orqanının ayırdığı yerdə kütləvi aksiyalar keçirir. Yəni YAP özü üçün əlahiddə bir məkan seçməyib. YAP harada aksiya keçirəcəksə, müxalifət partiyaları da orda keçirməlidir. Seçkidə iştirak edən bütün tərəflər üçün eyni şərait yaradılıb və həmin şəraitdən istifadə etmək lazımdır. Müxalifətin yer üstündə mübahisəsi isə uşaq cığallığından başqa bir şey deyil", - Aslanova bildirib.

Millət vəkili qeyd edib ki, insanlar öz seçimlərini yalnız iki-üç ay ərzində deyil, bütün illərboyu edir. Son parlament seçkilərindən ötən 5 il ərzində özünü cəmiyyətdə təsdiq edə bilməyən, cəmiyyətin problemləri ilə bağlı fəaliyyət göstərməyənlərə insanlar səs verməyəcəklər.

Xəbər lenti

Xəbər lenti