...

Azərbaycan Parlamenti "Seçki Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi haqqında" qanun layihəsini qəbul edib

Siyasət Materials 18 İyun 2010 19:05 (UTC +04:00)
Bu gün Azərbaycan Parlamentinin növbədənkənar iclasında Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi haqqında" qanun layihəsi qəbul olunub.
Azərbaycan Parlamenti "Seçki Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi haqqında" qanun layihəsini qəbul edib

Аzərbaycan, Bakı, 18 iyun /Trend, müxbir М.Əliyev/

Bu gün Azərbaycan Parlamentinin növbədənkənar iclasında Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi haqqında" qanun layihəsi qəbul olunub.

Seçki Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında hakim Yeni Azərbaycan Partiyasının deputatları tərəfindən təklif olunub.

Komitənin sədri Əli Hüseynov bildirib ki, məcəlləyə 33 əlavə və dəyişikliyin edilməsi təklif olunub. Əlavə və dəyişikliklərin əsası deputatlığa namizədlər üçün dövlət büdcəsindən ayrılan vəsaitin ləğvi, seçkilərin elan olunmasının 75 gündən 60 günə endirilməsi, seçki dairələrinin siyahılarının seçki gününə 55 gün qalmış təsdiqlənməsi, 50 gün qalmış dərc edilməsidir.

Dəyişikliklərdən biri dairə seçki komissiyaları ilə bağlıdır. DSK-ların təşkili seçki gününə azı 50 gün qalmış təşkil edilməlidir. Seçici siyahılarının tərtib edilməsi müddəti də azaldılıb. Səsvermə gününə azı 20 gün qalmış siyahılar məntəqə seçki komissiyaları tərəfindən dəqiqləşdirilməlidir.

Namizədlərin qeydə alınması üçün seçki sənədlərinin təqdim edilməsi səsvermə gününə, ən çoxu 50, ən azı 30 gün qalmış təqdim olunmalıdır.

Seçki Məcəlləsinə qəbul olunduğu 2003-cü ildən bəri 10 dəfə əlavə və dəyişiklik edilib.

Xəbər lenti

Xəbər lenti