...

Avropa Şurasında Azərbaycanla bağlı sərginin açılışı olub (ƏLAVƏ OLUNUB) (FOTO)

Siyasət Materials 21 İyun 2010 18:01 (UTC +04:00)

RED. əlavəsi: Sərgidə rəsmilərin çıxışı əlavə olunub

Fransa, Strasburq, 21 iyun /Trend, müxbir A.Məhərrəmli/

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yay sessiyası çərçivəsində bazar ertəsi Azərbaycan Dövlət Gömrük Komitəsi tərəfindən təşkil olunan "Azərbaycanda mədəni müxtəliflik" adlı mədəni irsə aid əşyaların sərgisinin açılışı olub.

Açılışda AŞ PA sədri Mövlüd Çavuşoğlu, DGK sədri Aydın Əliyev və Azərbaycanın qurumdakı nümayəndə heyətinin sədri Səməd Seyidov, ölkəmizin Avropa Şurasındakı daimi nümayəndəsi Arif Məmmədov, təşkilatın yüksəkvəzifəli şəxsləri, avropalı deputatlar və digər şəxslər iştirak edib.

Sərgidə əsasən Azərbaycan gömrük orqanları tərəfindən müsadirə olunmuş mədəni irsə aid əşyalar nümayiş etdirilir. Bu isə öz növbəsində Azərbaycan hökumətinin mədəni irsin qorunmasına göstərdiyi diqqət və töhfənin bariz nümunəsidir.

Sərginin açılışında AŞ PA sədri çıxışında Azərbaycan xalqının tolerantlığı, Azərbaycanın mədəni irsə, ədəbi müxtəlifliyə verdiyi töhfəni yüksək qiymətləndirib və sərginin bunun bariz nümunəsi olduğunu qeyd edib.

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev qeyd edib ki, Azəbaycan müxtəlif dinlərin, mədəniyyətlərin, adət-ənənələrin müdafiəsinə və qorunmasına diqqət göstərən ölkələrdən biridir.

"Bu, həm də Azərbaycan mədəniyyətinin, xalqımızın digər mədəniyyət və dinlərə olan tolerantlığının yüksək səviyyədə olduğunun təzahürüdür. Bu, çox önəmli bir hadisədir", - DGK sədri deyib.

Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin sədri Səməd Seyidov çıxışında qeyd edib ki, keçən il Azərbaycan AŞ-nin 60 illik yubileyini qeyd etdi, gələn il isə, AŞ-yə üzvlüyünün 10 illiyini qeyd edəcək.

"Bu sərginin AŞ PA sessiyası çərçivəsində təşkili simvolik xarakter daşıyır. Belə ki, məhz AŞ PA 10 il əvvəl ölkəmizin bu ən qədim pan-Avropa təşkilatına üzvlüyünə səs verib. AŞ-nin məqsədləri insan haqlarının, qanunun aliliyinin və demokratiyanın təmin edilməsidir. Aydındır ki, həqiqi mədəniyyətlərarası dialoq yalnız həqiqi demokratiya olan yerdə mümkündür. Bu sərgi onu göstərir ki, Azərbaycanda mədəniyyətlərarası dialoqun və beləliklə də demokratiyanın tarixi çox qədimdir", - Seyidov bildirib.

İyunun 21-dən 24-dək davam edəcək sərgi insanların marağına səbəb olub.

Bundan əvvəl sözügedən sərgi Vyanada BMT çərçivəsində təşkil edilib.

Xəbər lenti

Xəbər lenti