Azərbaycan, Bakı, 24 iyun /Trend, müxbir S.Ağayeva/
Heydər Əliyev Fondunun Rusiya Nümayəndəliyinin təşəbbüsü ilə iyunun 29-30-da "Qloballaşma şəraiti mədəniyyətlərinin dialoqu" mövzusunda Bakı Forumu keçiriləcək. Bu barədə cümə axşamı fondun yaydığı məlumatda deyilir.
2009-cu il iyun ayında Moskva şəhərində keçirilən elmi konfransın məntiqi davamı kimi nəzərdə tutulan beynəlxalq forum, görkəmli siyasi xadim, Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunub.
Elmi müstəvidə fəlsəfi araşdırmaların yer alacağı forumda AMEA və Rusiya Elmlər Akademiyası Fəlsəfə İnstitutunun tanınmış alimləri "Beynəlxalq elmi əməkdaşlığın və Azərbaycanda ictimai elmlərin inkişaf yollarının bəzi problemləri"; "Qloballaşma, terrorizm və dialoq"; "Mədəniyyət, sivilizasiya, qloballaşma. Heydər Əliyev - insan və siyasətçi"; "Müasir cəmiyyətdə demokratik dəyərlərin şəxsi ölçüləri"; "Demokratiya, kütlə cəmiyyəti və bir daha tarixdə şəxsiyyətin rolu haqqında"; "Qloballaşma şəraitində təfəkkür mədəniyyətinin qarşılıqlı əlaqəsi"; "Sivilizasiyaların əvəzlənməsi dövründə yeni nəslin təhsil və estetik tərbiyə problemləri"; "Müasir Azərbaycanda vətəndaş mədəniyyəti və vətəndaş dəyərləri" kimi mövzularda çıxış edəcəklər.
İkigünlük forumun qonaqları Beynəlxalq Muğam Mərkəzində muğam konsertinə baxacaq, Azərbaycan mədəniyyəti ilə daha yaxından tanış olmaq imkanı əldə edəcəklər.