Azərbaycan, Bakı, 29 iyun /Trend, müxbir K. Zərbalıyeva/
Azərbaycan həm iqtisadi inkişafına, həm də rəqəmsal texnologiyanın inkişafına görə, öndə gedən ölkələrdəndir, - Trend-in məlumatına görə, bunu Bakıda səfərdə olan Albaniya Parlamentinin sədri Jozefina Topalli çərşənbə axşamı Milli Məclisin sədri Oqtay Əsədovla görüşündə deyib.
Azərbaycanın iqtisadi inkişafını yüksək qiymətləndirən albaniyalı spiker bu səfərin ikitərəfli və çoxtərəfli əlaqələrin inkişafına töhfə verəcəyini deyib.
Milli Məclisin sədri Oqtay Əsədov Albaniya ilə Azərbaycan parlamentləri arasındakı əlaqələrin inkişafında belə səfərlərin vacibliyini qeyd edib və gələcəkdə səfərlərin intensiv olacağını deyib.
Səfər çərçivəsində Jozefina Topallinin Prezident İlham Əliyev, Baş nazir Artur Rəsizadə və digərləri ilə görüşləri nəzərdə tutulur.
Görüşlərdə iki ölkə arasında münasibətlər, hər iki ölkənin parlamentləri arasındakı əlaqələrin inkişaf perspektivləri müzakirə ediləcək.
Topallinin dünəndən Azərbaycana ilk rəsmi səfəri başlayıb.