Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı BMT-nin Sənayenin İnkişafı Təşkilatının baş direktoru Kandeh Yumkellanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Kandeh Yumkella bildirib ki, ölkəmizə səfərinin əsas məqsədi Azərbaycan Prezidenti və hökumət üzvləri ilə rəhbərlik etdiyi təşkilatla Azərbaycan arasında əməkdaşlığın perspektivlərinin müzakirə edilməsindən ibarətdir. O, qeyd edib ki, Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi strategiyasının uğurla həyata keçirilməsi nəticəsində qeyri-neft sektorunda böyük inkişafa nail olunub və BMT-nin Sənayenin İnkişafı Təşkilatı Azərbaycan ilə bu istiqamətdə əməkdaşlıqda maraqlıdır.
Dövlətimizin başçısı Azərbaycanın bütün digər sahələrdə olduğu kimi, iqtisadiyyat sahəsində də böyük uğurlar əldə etdiyini vurğulayaraq, qeyri-neft sektorunun ölkəmiz üçün prioritet sahə olduğunu qeyd edib. 2013-cü ilədək Azərbaycanda ikinci regional inkişaf proqramının həyata keçiriləcəyini qeyd edən Prezident İlham Əliyev bunun çox mühüm infrastruktur layihələrinin reallaşdırılması üçün yaxşı imkan yaradacağına əminliyini ifadə edib. Dövlətimizin başçısı Azərbaycanın BMT-nin Sənayenin İnkişafı Təşkilatı ilə əməkdaşlığının gələcəkdə də davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.