...

Azərbaycanda yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq edilən inzibati tənbeh növlərinin sərtləşdirilməsi profilaktik məqsəd daşıyır – nazir Ramil Usubov

Siyasət Materials 2 İyul 2010 10:35 (UTC +04:00)
Azərbaycanda yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq edilən inzibati tənbeh növlərinin sərtləşdirilməsi, ilk növbədə, profilaktik məqsəd daşıyır.
Azərbaycanda yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq edilən inzibati tənbeh növlərinin sərtləşdirilməsi profilaktik məqsəd daşıyır – nazir Ramil Usubov

Azərbaycan, Bakı, 2 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq edilən inzibati tənbeh növlərinin sərtləşdirilməsi, ilk növbədə, profilaktik məqsəd daşıyır, - Trend-in məlumatına görə, bunu cümə günü "Azərbaycan" qəzetinə müsahibəsində daxili işlər naziri Ramil Usubov bildirib.

"Yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq edilən inzibati tənbeh növlərinin sərtləşdirilməsi, ilk növbədə, profilaktik məqsəd daşıyır. Digər tərəfdən, müvafiq xətalara görə cərimələrin məbləğinin artırılmasının konkret obyektiv səbəbləri də vardır. Belə ki, 2000-cu ildə qəbul edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar fəslində sanksiyaların artırılması ilə əlaqədar dəyişikliklər üç il bundan əvvəl, yəni, 2007-ci ildə edilib. Göründüyü kimi, Məcəllənin qəbulundan 7 il keçib. Bu dövr ölkəmiz üçün davamlı tərəqqi dövrü olub. Azərbaycan dünyada iqtisadi cəhətdən ən sürətlə inkişaf edən dövlətlər sırasına çıxıb. Ötən illər ərzində dövlət büdcəsi 8 dəfədən çox artıb. Əlbəttə, ölkənin sürətli sosial-iqtisadi inkişafı əhalinin ümumi rifahının, o cümlədən, gəlirlərinin də artmasına səbəb olub. Məcəllədə nəzərdə tutulan cərimə tənbeh tədbirlərinin əvvəlki illərin tələbləri həddində saxlanılması və müasir dövrün tələblərinə cavab verməməsi, yəni, inzibati xətaların törədilməsindən çəkindirmək funksiyasını itirməsi yol hərəkəti qaydalarına riayət olunması sahəsində intizamın ciddi şəkildə zəifləməsinə səbəb olurdu", - Usubov deyib.

Nazir deyib ki, bu səbəblərdən İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan bütün sanksiyalar, o cümlədən, yol hərəkəti qaydalarının pozulması əleyhinə olan inzibati xətaların sanksiyaları təftiş olunmuş və müvafiq dəyişikliklər edilib.

"Eyni zamanda, onu da qeyd edim ki, sanksiyalar artırıldıqdan sonra belə, ölkəmizdə yol hərəkəti qaydalarının pozulmasına görə nəzərdə tutulan cərimələrin məbləği əksər Avropa dövlətlərində tətbiq edilən analoji tənbeh tədbirlərinin məbləğindən dəfələrlə azdır. Məsələn, svetoforun qadağanedici işarəsində hərəkətin davam etdirilməsinə görə cərimənin məbləği Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulanla müqayisədə Norveçdə - 16 dəfə, İspaniyada - 7 dəfə, Almaniya və Danimarkada - 5 dəfə, Belçika, İsveçrə, Yunanıstanda - 4 dəfə, Böyük Britaniya, Avstriya, İtaliyada - 3 dəfə, Fransa, Niderland, İrlandiyada 2 dəfə çoxdur", - Usubov qeyd edib.

Bir çoxlarının ötmə və manevretmə qaydalarını pozmaları, avtomobili yüksək sürətlə və sərxoş vəziyyətdə idarə etmələri, ara məsafəsini saxlamamaları kimi inzibati xətalar törətmələri səbəbindən, təkcə ötən il 930 nəfərin ölümü və 3 040 nəfərin yaralanması ilə nəticələnən 2 792 yol-nəqliyyat hadisəsi baş verib.

Nazir yol-patrul xidməti əməkdaşlarının sürücünün görüntü dairəsindən kənarda xidmət aparması barədə sualı da cavablandırıb.

"Bu barədə də nazirliyə şikayətlər daxil olur. Təcrübə göstərir ki, avtomobili yüksək sürətlə idarə edən, qarşıdan gələn nəqliyyatın hərəkəti istiqamətinə çıxmaqla qəza şəraiti yaradan əksər sürücülər yol-patrul xidməti postlarına yaxınlaşdıqda hərəkət sürətini azaldır, lakin bununla yalnız özlərini aldatmış olurlar. Sürücülük intizamına və mədəniyyətinə riayət etməyən belə şəxslər, əslində, özlərinin və başqalarının həyatı və sağlamlığı üçün ciddi təhlükə yaradırlar. Qanunvericiliyə zidd olan bu cür hərəkətlər çox vaxt ağır nəqliyyat qəzalarına, ən yaxşı halda, vətəndaşların əmlakına böyük zərərin vurulmasına gətirib çıxarır. Hesab edirəm, hər bir şəxs yol hərəkəti qaydalarına şüurlu şəkildə riayət etməyə borcludur. Əgər bunu etmirsə, yol-patrul xidməti əməkdaşlarının da sürücünün gözləmədiyi yerlərdə qanun pozuntusunu aşkarlaması yalnız zərurətdən irəli gələn, eyni zamanda, yol hərəkəti təhlükəsizliyinin təmininə yönəlmiş və vətəndaşlarımıza fayda gətirən bir vasitə kimi qiymətləndirilməlidir", - Usubov əlavə edib.

Xəbər lenti

Xəbər lenti