...

Azərbaycanlı filoloq Dostoyevskinin romanını Azərbaycan dilinə tərcümə etdiyinə görə mükafat alıb

Siyasət Materials 2 İyul 2010 15:07 (UTC +04:00)
Bakı Slavyan Universitetinin rus dili kafedrasının professoru Telman Cəfərov Puşkin evinin (Rusiya Elmlər Akademiyasının Rus Ədəbiyyatı İnstitutu) bazasında yaradılan rus ədəbiyyatının dünya dillərinə tərcümə edilməsi üzrə Beynəlxalq Tərcüməçilər Mərkəzi tərəfindən mükafatlandırılıb.
Azərbaycanlı filoloq Dostoyevskinin romanını Azərbaycan dilinə tərcümə etdiyinə görə mükafat alıb

Azərbaycan, Bakı, 2 iyul /Trend, müxbir S.Ağayeva/

Bakı Slavyan Universitetinin rus dili kafedrasının professoru Telman Cəfərov Puşkin evinin (Rusiya Elmlər Akademiyasının Rus Ədəbiyyatı İnstitutu) bazasında yaradılan rus ədəbiyyatının dünya dillərinə tərcümə edilməsi üzrə Beynəlxalq Tərcüməçilər Mərkəzi tərəfindən mükafatlandırılıb.

Mükafat Cəfərova Fyodor Dostoyevskinin "Karamazov qardaşları" romanını Azərbaycan dilinə tərcümə etdiyinə görə təqdim edilib. Bu barədə Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğunun məlumatında deyilir.

Mükafatın təqdimatı mərasimində müsabiqə iştirakçılarına və münsiflər heyətinə təşəkkürünü bildirən Cəfərov deyib ki, Azərbaycan Prezidentinin sərəncamına əsasən, rus ədəbiyyatının klassik və müasir əsərlərinin çoxu, eləcə də "Cinayət və cəza", "Səfeh", "Alçaldılmışlar və təhqir olunmuşlar" romanları və Dostoyevskinin bəzi povestləri latın qrafikasında çap edilib.

"Maraqlıdır ki, Dostoyevskinin xristianların müqəddəs kitablarından istifadə etdiyi süjet, epizod və çıxarışlar Quranda da rast gəlinir", - o deyib.

Rusiya klassikasının populyarlaşdırılmasına görə yaponiyalı Tesuo Motidzuki də mükafat alıb. Bundan başqa, poeziya və nəsr üzrə ən yaxşı tərcüməyə görə mükafat Hollandiya təmsilçiləri Marqarit Berq və Fraukye Slofstra təqdim olunub.

Mükafatçıların hər birini qalib ölkənin baş konsulları salamlayıb. Azərbaycan adından təbriklərlə baş konsul Qüdsi Osmanov çıxış edib.

Cəfərova fəal tərcüməçiliyinə görə təşəkkür edən baş konsul bildirib ki, böyük rus klassiklərinin əsərlərində mehribanlıq və gözəllik göstərilib, qəhrəmanların çətin sınaqları və insan xasiyyətinin ziddiyyəti öz əksini tapıb.

Osmanov sonda qeyd edib ki, müasir dünyada minlərlə xalq yaşayır və onların hər birinin özünəməxsus mədəniyyəti var. "Lakin hazırkı qloballaşma və hərtərəfli inteqrasiya dövründə özünəməxsusluğu və adət-ənənələri qoruyub-saxlamaq çətindir. Məhz klassikaya müraciət etdikdə, biz öz nəslimizi xatırlayır, başqa ölkələrin tarixi və ənənələri ilə tanış oluruq. Tərcüməçilərin əməyi sayəsində ədəbiyyat inciləri təkcə milli yox, həm də dünya incilərinə çevrilir", - baş konsul vurğulayıb.

Xəbər lenti

Xəbər lenti