...

Prezident İlham Əliyev əvvəl qəbul olunmuş qanununların tətbiq edilməsi haqqında fərmanlar imzalayıb

Siyasət Materials 17 İyul 2010 01:50 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının məhkəmə sisteminin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər və “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq şurası haqqında” Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2010-cu il 22 iyun tarixli 1043-IIIQD nömrəli qanununun tətbiq edilməsi haqqında fərman imzalayıb. Məlumatı cümə günü AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Prezident İlham Əliyev əvvəl qəbul olunmuş qanununların tətbiq edilməsi haqqında fərmanlar imzalayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının məhkəmə sisteminin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər və "Məhkəmələr və hakimlər haqqında" və "Məhkəmə-Hüquq şurası haqqında" Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 2010-cu il 22 iyun tarixli 1043-IIIQD nömrəli qanununun tətbiq edilməsi haqqında fərman imzalayıb. Məlumatı cümə günü AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Fərmana əsasən, Prezident İlham Əliyev qərara alıb ki, aşağıdakı yeni məhkəmələr təşkil edilsin:

1. Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsi əsasında Bakı Ağır Cinayətlər Məhkəməsi;
2. Lənkəran Ağır Cinayətlər Məhkəməsi - Lənkəran şəhərində;
3. Gəncə Ağır Cinayətlər Məhkəməsi - Gəncə şəhərində;
4. Şəki Ağır Cinayətlər Məhkəməsi - Şəki şəhərində;
5. Naxçıvan Muxtar Respublikasının İqtisad Məhkəməsi əsasında Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsi;
6. 1 saylı Bakı Yerli İqtisad Məhkəməsi əsasında 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi;
7. 2 saylı Bakı Yerli İqtisad Məhkəməsi əsasında 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi;
8. Gəncə Yerli İqtisad Məhkəməsi əsasında Gəncə İnzibati-İqtisadi Məhkəməsi;
9. Sumqayıt Yerli İqtisad Məhkəməsi əsasında Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi;
10. Şəki Yerli İqtisad Məhkəməsi əsasında Şəki İnzibati-İqtisadi Məhkəməsi;
11. Şirvan Yerli İqtisad Məhkəməsi əsasında Şirvan İnzibati-İqtisadi Məhkəməsi.

Fərmanla Məhkəmə-Hüquq Şurasına tövsiyə edilib ki, inzibati-iqtisadi məhkəmələrin və ağır cinayətlər məhkəmələrinin ərazi yurisdiksiyasının müəyyən edilməsinə, habelə Azərbaycan Respublikasının məhkəmə sisteminə daxil olan məhkəmələrin hakimlərinin say tərkibinin artırılmasına dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

Fərmanla Azərbaycan Respublikası Prokurorluğuna tövsiyə edilib ki, yeni məhkəmələrin təşkil edilməsi ilə əlaqədar məhkəmələrdə dövlət ittihamının müdafiəsi işinin təşkilində müvafiq dəyişikliklər etsin.
Fərmana əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılıb ki:
1. yeni təşkil edilən məhkəmələrin fəaliyyətinə zəruri şəraitin yaradılması üçün onların binalar, avadanlıq, rabitə, nəqliyyat vasitələri və digər ləvazimatlar ilə təmin edilməsi məqsədi ilə tədbirlər görsün;
2. yeni məhkəmələrin təşkil edilməsi ilə bağlı xərclərin 2011-ci il üçün dövlət büdcəsinin layihəsində nəzərə alınmasını təmin etsin;
3. yeni təşkil edilən məhkəmələrinin hakimləri təyin edilənədək Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin və yerli iqtisad məhkəmələrinin fəaliyyətinin maliyyələşdirilməsini təmin etsin;
4. iki ay müddətində:
4.1. qüvvədə olan qanunvericilik aktlarının "Məhkəmələr və hakimlər haqqında" və "Məhkəmə-Hüquq Şurası haqqında" Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa və bu Fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
4.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna və bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
4.3. öz səlahiyyətləri daxilində "Məhkəmələr və hakimlər haqqında" və "Məhkəmə-Hüquq Şurası haqqında" Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının Qanunundan və bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

Bundan əlavə, Prezident İlham Əliyev Məhkəmə qərarlarının icrası işinin təkmilləşdirilməsi və "Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları haqqında", "Məhkəmə qərarlarının icrası haqqında" Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə və Cəzaların İcrası Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında fərman imzalayıb.

"Məhkəmə qərarlarının vaxtında və tam icra olunmasının ədalət mühakiməsinin səmərəliliyinin və məhkəmə hakimiyyətinin nüfuzunun artırılmasında mühüm əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, son illərdə bu sahədə qanunvericilik bazası möhkəmləndirilmiş, bir sıra təşkilati və praktiki tədbirlər həyata keçirilmişdir", - fərmanda deyilir.

Fərmana əsasən, Prezident İlham Əliyev qərara alıb ki,

1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə icraçıları baş idarəsi İcra baş idarəsi adlandırılsın.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılsın ki:
2.1. qanunvericilikdə nəzərdə tutulmuş məcburi icra və məsuliyyət tədbirlərinin səmərəli tətbiqini təmin etsin, məhkəmə və digər orqanların qərarlarının icrasından yayınma hallarının qarşısının alınması üzrə fəaliyyətini gücləndirsin;
2.2. dövlət orqanları tərəfindən məhkəmə qərarlarının icra olunması vəziyyətinə dair hər altı aydan bir Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.3. icra işinin keyfiyyətcə yeni səviyyədə qurulması, bu sahədə kadr potensialının gücləndirilməsi, icra xidmətinin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi, əməkdaşların peşəkarlıq səviyyəsinin artırılması üçün tədbirlər görsün;
2.4. icra məmurları tərəfindən icra intizamına ciddi əməl olunmasını təmin etsin, onların fəaliyyətində sui-istifadə, süründürməçilik və digər qanun pozuntuları ilə bağlı müraciətlərin təxirəsalınmadan araşdırılması üçün tədbirlər görsün.

3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki:
3.1. icra işini həyata keçirən ədliyyə orqanlarının zəruri təşkilati-texniki vasitələrlə təmin edilməsi məqsədi ilə tədbirlər görsün və bunun üçün tələb olunan vəsaitin 2011-ci il dövlət büdcəsinin layihəsində nəzərdə tutulmasını təmin etsin;
3.2. bir ay müddətində:
3.2.1. qüvvədə olan qanunvericilik aktlarının "Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları haqqında", "Məhkəmə qərarlarının icrası haqqında" Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə və Cəzaların İcrası Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.2.3. öz səlahiyyətləri daxilində "Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları haqqında", "Məhkəmə qərarlarının icrası haqqında" Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə və Cəzaların İcrası Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.
4. Müəyyən edilsin ki:
4.1. "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinin ikinci cümləsində, 84-1.2-ci maddəsinin ikinci cümləsində və 86.1-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir;
4.2. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 173.1-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirir.
5. "Ədliyyə orqanlarının inkişafı haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 17 avqust tarixli 446 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, №8, maddə 671; 2007-ci il, № 12, maddə 1223; 2009-cu il, № 12, maddə 983; 2010-cu il, № 2, maddə 80) ilə təsdiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Strukturunda və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının tərkibində "Məhkəmə icraçıları" sözləri "İcra" sözü ilə əvəz edilsin.

Xəbər lenti

Xəbər lenti