...

İran üç ABŞ vətəndaşını ya azad etməli, ya da onların işini məhkəməyə verməlidir – "Amnesty International"

Siyasət Materials 31 İyul 2010 13:22 (UTC +04:00)
"Amnesty International" beynəlxalq təşkilatı İran hakimiyyətini ittiham irəli sürmədən həbsdə saxladığı üç ABŞ vətəndaşını azad etməyə və bir il ərzində onların işini məhkəməyə verməyə çağırıb.
İran üç ABŞ vətəndaşını ya azad etməli, ya da onların işini məhkəməyə verməlidir – "Amnesty International"

Azərbaycan, Bakı, 31 iyul /Trend, müxbir T.Konyayeva/

"Amnesty International" beynəlxalq təşkilatı İran hakimiyyətini ittiham irəli sürmədən həbsdə saxladığı üç ABŞ vətəndaşını azad etməyə və bir il ərzində onların işini məhkəməyə verməyə çağırıb. Bu barədə təşkilatın rəsmi məlumatında deyilir.

"Onların həbsindən bir il ötdükdən sonra məlum olub ki, İran hakimiyyəti bu üç şəxsin mühakimə olunması üçün kifayət qədər sübutlara malik deyil və biz onların vətəndaşlıqlarına görə həbsdə saxlanıldıqlarından ehtiyat edirik", - "Amnesty International" təşkilatının Yaxın Şərq və Şimali Amerika üzrə proqramlarının direktoru Malkolm Smart bildirib.

Şeyn Maykl Bauer (Shane Michael Bauer), Coşua Feliks Fattal və Sara Emili Şurd 2009-cu il iyulun 31-də İran-İraq sərhəddindən keçərkən İran qüvvələri tərəfindən saxlanılıblar.

"Əgər bu həqiqətən belədirsə, onda onlar dərhal azad olunmalı və onlara İranı tərk etməyə icazə verilməlidir, - Smart deyib. - Onlar azad olunmasalar, onlara qarşı cinayət törətdiklərinə görə ittiham irəli sürülməlidir, bundan sonra beynəlxalq standartlara uyğun məhkəmə araşdırılması aparılmalıdır".

İran hakimiyyəti üç ABŞ vətəndaşının İranda "casus əməliyyatı" həyata keçirməyi planlaşdırdıqlarını iddia edir. Onların ailəsi və ABŞ hökuməti bu ittihamı rədd edir və onlara qarşı indiyədək rəsmi ittiham irəli sürülməyib.

İran tərəfinin bu üç nəfərin yolu azdıqdan sonra həbs edilmələrinə dair bəyanatını ABŞ-ın həftəlik "The Nation" jurnalı rədd edərək, onların İraqda İslam İnqilabı Keşikçiləri Korpusunun qüvvələri tərəfindən ələ keçirilərək zorla İrana gətirildikləri barədə məlumatlara malik olduqlarını bildirib.

Üç Amerika vətəndaşının saxlanmasından ABŞ hökumətinə təzyiq göstərmək və onun tərəfindən diplomatik güzəştlərin həyata keçirilməsi üçün istifadə ediləcəyi ehtimal olunur. Bu barədə qurumun məlumatında deyilir.

"Əgər bu həqiqətəuyğun olarsa, onda bu üç şəxsin bundan sona da həbsdə saxlanması girov götürülməsi və insan haqlarının çox ciddi şəkildə pozulması ilə eyni tutula bilər", - Smart deyib.

"Amnesty International"ın məlumatına görə, onların həbsindən bir il sonra İran hakimiyyətinin onları İrana qeyri-qanuni gəlməkdə günahlandıra bilməməsi və ya onlara qarşı, məsələn, casusluq kimi daha ciddi ittihamlar irəli sürə bilməməsi belə şayiələrin yaranmasına gətirib çıxarır ki, İran onları "xırda pul" kimi saxlayır.

"Biz hesab edirik ki, onların dindirilməsi bir neçə ay əvvəl başa çatıb. Çünki əgər ciddi ittihamlar mövcud olsaydı, artıq elan olunmalı idi", - Smart deyib.

Üç Amerika vətəndaşı Tehrandakı "Evin" həbsxanasında saxlanılır. Onlara həbs olunmalarından bir neçə ay sonra öz ailələrinə zəng vurmağa icazə verilib. 2010-cu ilin mayında isə onlar Tehrandakı mehmanxanaya gətiriliblər və məhbuslara ABŞ-dan İrana gələn anaları ilə görüşməyə icazə verilib.

Məhbusların ailələrinin onların maraqlarını müdafiə etmək üçün tutduqları iranlı vəkilə onlarla görüşmək imkanı verilməyib. Eləcə də ABŞ-ın İrandakı maraqlarını təmsil edən İsveçrənin nümayəndəsinə də ötən ilin aprelindən məhbuslarla görüşməyə icazə verilmir.

Sara Şurd və Şeyn Bauerin ailələri onların səhhətlərində problemlərin olduğunu və müntəzəm müalicəyə ehtiyacları olduqlarını iddia edirlər.

"Həbs edilmiş şəxslərin dərhal vəkil və səfirliyin nümayəndələri ilə görüşmələri təmin olunmalıdırlar, öz ailələri ilə əlaqə saxlamaq və zəruri tibbi yardım və ya müalicə olunmaq imkanına malik olmalıdırlar", - Smart deyib.

Xəbər lenti

Xəbər lenti