...

Azərbaycanın müxalif partiya sədrləri məsləhətləşmələr aparıblar

Siyasət Materials 17 Avqust 2010 14:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 avqust /Trend, müxbir T.Hacıyev/

Azərbaycan Milli İstiqlal Partiyasının sədri Yusif Bağırzadə ilə Demokratiya Uğrunda İttifaqda təmsil olunan Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu və Böyük Azərbaycan Partiyasının sədri İsa Musayevin görüşü keçirilib. Bu barədə çərşənbə axşamı Trend-ə AMİP-in mətbuat katibi Əli Orucov məlumat verib.

"Görüş zamanı AMİP-in bir müddət əvvəl Dağlıq Qarabağ münaqişəsinin həll yolları ilə bağlı ölkə ictimaiyyətinə ünvanladığı müraciət ətrafında müzakirələr aparılıb. Hər iki partiya sədri bildirib ki, AMİP-in bu mövqeyi doğru mövqedir və AMİP-in bu çağırışına səs verirlər. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı atılan addımları dəstəkləyirlər", - Orucov əlavə edib.

Azərbaycan Milli İstiqlal Partiyasının bir müddət öncə ölkə ictimaiyyətinə ünvanladığı müraciətdə Qağlıq Qarabağ probleminin həlli istiqamətində ATƏT-in Minsk qrupunun fəaliyyətindən imtina olunması təklif edilib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən bu günə qədər yerinə yetirilməyib.

Orucov bildirib ki, partiya sədrləri bu məsələnin olmasını arzu etdiklərini bildiriblər.

"Bu sahədə əməkdaşlıq etməklə bağlı razılıq da əldə olunub. Qərara alınıb ki, müəyyən tədbirlər planı işlənib-hazırlansın və keçirilsin, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı milli həmrəyliyə nail olunması üçün bütün vasitələrdən istifadə edilsin", - Orucov deyib.

Xəbər lenti

Xəbər lenti