...

Azərbaycanın mənafeyi gözlənilmədən hər hansı bir qərar verilməz – Türkiyə Baş nazirinin müşaviri (MÜSAHİBƏ)

Siyasət Materials 23 Avqust 2010 10:37 (UTC +04:00)
Azərbaycanın mənafeyi gözlənilmədən hər hansı bir qərar verilməz – Türkiyə Baş nazirinin müşaviri
Azərbaycanın mənafeyi gözlənilmədən hər hansı bir qərar verilməz – Türkiyə Baş nazirinin müşaviri (MÜSAHİBƏ)

Azərbaycan, Bakı, 23 avqust /Trend, müxbir R.Hafizoğlu/

Türkiyə Cümhuriyyəti Baş nazirinin müşaviri Qeybulla Ramazanoğlunun Ermənistanla sərhədlərin açılıb-açılmayacağı ilə bağlı Trend-ə müsahibəsi

- Qeybulla bəy, Türkiyə Prezidenti Abdullah Gülün Azərbaycan səfərindən sonra, ölkə mediasında gündəmə gələn suallardan biri də -  Türkiyə-Ermənistan sərhədlərinin NATO hərbi təlimləri üçün müvəqqəti açılacağı məsələsidir. Bundan əvvəl dəfələrlə Türkiyə rəsmiləri Dağlıq Qarabağ məsələsi həll edilmədən Türkiyə-Ermənistan sərhədlərinin açılmayacağı haqqında bəyanatlar veriblər. Fikrinizcə, bu dəfə də Türkiyə Azərbaycanın maraqlarını dəstəkləyəcəkmi?

- Azərbaycan maraqlarının qorunmasının, sadəcə, sərhədlərin açılıb-açılmamasına bağlamaq, fikrimcə, yanlışdır. Çünki nəzərə almaq lazımdır ki, beynəlxalq dövlətlərarası münasibətlər var, münasibətlərin normallaşma məsələsi var. Bəlli bir tələblər, ölkələrin hər birinin kiçik və ya böyüklüyündən asılı olmayaraq, özünün bir siyasi, iqtisadi mənfəəti və beynəlxalq öhdəlikləri var. Hər bir dövlət başqa bir dövlətə zərər vermədən bu çərçivədə hərəkət etməyə çalışır.
Bildiyiniz kimi, Türkiyə-Azərbaycan münasibətlərinə də Ankara çox həssas yanaşır və çalışır ki, iki ölkə münasibətlərinə xələl gəlməsin. Qeyd etmək istərdim ki, hazırda aparılan bütün danışıqlar, münasibətlərin qurulması və razılaşmaların hamısı tərəflər arasında razılaşdırılaraq atılan addımlardır. Heç kim iddia edə bilməz ki, Türkiyə və ya Azərbaycan bir-birindən qarşılıqlı razılaşma olmadan addım atar.

Təbii ki, bütün bunlar tam razılaşdırılır. Müzakirələrdə tam razılaşdırılan və eyni zamanda, bir az da mübahisəli məqamlar ola bilər. Lakin mübahisəli məsələlərdə ümumi bir razılaşmalar var.
Abdullah Gülün bu yaxınlarda Bakıya səfəri də bir təsadüf deyil .Ortada elə məsələlər var ki, bu məsələlər heç bir rəsmi sənəddə, protokolda göstərilmir, lakin bu məsələlər rəsmilərin görüşü zamanı müzakirə edilir.

Hamıya bəllidir ki, Sovetlər zamanı ölkə rəsmilərinin görüşlərində belə bir format vardı - heyətlərin görüşü zamanı əvvəlcədən razılaşdırılmış suallar və protokollar olurdu və görüş əvvəlcədən razılaşdırılmış formatda davam edirdi.
Lakin son illərdə dövlət rəsmiləri təkbətək görüşlər keçirirlər və görüşlərdə dövlət rəsmilərindən başqa heç kim nə kimi məsələlərin müzakirə edildiyini bilmir.
Hesab edirəm, dövlət rəsmiləri bir araya gəldikləri zaman bir çox məsələləri müzakirə ediblər. İctimaiyyətə təqdim olunan məsələlər isə, müzakirə edilən məsələlərin deyilə biləcək qismidir.

Hesab etmirəm ki, Türkiyə Azərbaycanın mənafeyini və maraqlarını gözləmədən hər hansısa bir qərar verər.
Lakin Türkiyə müəyyən məsələlərdə elə bir vəziyyətə düşər ki, bəlli bir qərar vermək məcburiyyəti ilə üz-üzə qala bilər və Azərbaycanın mənafeyinə qarşı qəsdən deyil, məcburiyyət qarşısında addım ata bilər.
Bunu bilmək lazımdır və məsələyə münasibət zamanı bu prizmadan yanaşılmalıdır.

- Abdullah Gül Bakıda keçirilən mətbuat konfransında jurnalistin NATO təlimləri zamanı Türkiyənin Ermənistanla sərhədləri açacağına dair suala birbaşa cavab verməkdən yayınmasının arxasında hansı məqamlar dayanır?

- Bildiyiniz kimi, Türkiyə Prezidenti həmin sual verildikdə, o suala cavab vermədi, cavabdan yayındı. Aydındır ki, böyük məsələlər haqqında bir şey söylənilməsi istənilmədikdə, hər zaman sualdan yayınırlar.
Diplomatiya və diplomatik danışıqlar reallığı gizlətmək, onlar haqqında danışmamaq bacarığıdır. Zənnimcə, Türkiyə-Ermənistan sərhədlərinin NATO təlimləri üçün açılmayacağı haqqında Prezident Gül konkret "yox" cavabı verə bilərdi.

- Belə ehtimal edilir ki, Ankara supergüc dövlətlər tərəfindən təzyiq qarşısında Türkiyə-Ermənistan sərhədlərini açmaq məcburiyyəti ilə üzləşəcək. Fikrinizcə, rəsmi Ankaraya istər ABŞ, istərsə də Avropa dövlətləri tərəfindən bu məsələdə təzyiq varmı?

- Bu məsələnin həm gerçək, həm də ictimaiyyətə çatdırılan tərəfi mövcuddur. Diplomatik münasibətlərdə, istər Türkiyə dövlət rəsmilərindən, istərsə də başqa bir dövlət rəsmisinin - bizə təzyiq edilir - deməsini eşitməzsiniz.
Lakin siyasi savadı olmayan adama da bəllidir ki, günümüzdə bəlli bir dövlətlər var ki, bu dövlətlərin istəkləri çərçivəsində bir çox məsələlər həll olunur. Əgər təzyiq yoxdursa, bu dövlətlərin istəkləri necə reallaşır? Deməli, təzyiq var, sadəcə, ifadə forması fərqlidir və heç zaman düşünmək olmaz ki, təzyiq mövcud deyil. Bəzən  dövləti supergüc dövlətlər fakt qarşısında qoya bilər.

- Qeybulla bəy, bu təzyiqlər fonunda Türkiyə yeritdiyi "səssiz diplomatiya" siyasətində Azərbaycanın maraqlarından imtina edə bilərmi?

- Əslində, "səssiz diplomatiya"nın Azərbaycan maraqları ilə heç bir əlaqəsi yoxdur. "Səssiz diplomatiya" Türkiyənin daxili məsələlərinə, onların həllinə yönəlmiş siyasətdir. Bu gün Türkiyə daxilində yürüdülən siyasət ictimaiyyətə açıqlansa, bir çoxları bunun əleyhinə ola bilər. Məhz bu səbəbdən, "səssiz diplomatiya"ya üstünlük verilir. Elə buna görə də daxildə yürüdülən siyasət hamıya bəlli edilmir; məsələn, deyək ki, Türkiyədə PKK probleminin həlli istiqamətində danışıqlar gedir. Əgər geniş ictimaiyyətə PKK probleminin həlli ilə bağlı danışıqların hər hansı bir dövlətlə aparıldığı bildirilsə, bir çox problemlər yaşana bilər. Məhz buna görə də "səssiz diplomatiya" bu kimi məsələlərin həlli üçün tətbiq edilir.

"Səssiz diplomatiya" dövlət rəsmiləri arasında gedən və ictimaiyyətə çatdırılmayan və ya zamanı gəldiyi zaman çatdırılan məsələlərdir.
Hər hansı "səssiz diplomatiya"nın nəticələri bəlli bir zamandan sonra ortaya çıxır.

Xəbər lenti

Xəbər lenti