...

Azərbaycanın hakim partiyası müxalifəti yanlış təsəvvür yaratmaqda suçlayır

Siyasət Materials 27 Avqust 2010 15:54 (UTC +04:00)
Azərbaycanın hakim partiyası müxalifəti namizədlərin təşviqatı məsələsi ilə bağlı beynəlxalq təşkilatlar qarşısında yanlış təsəvvür yaratmaqda suçlayır.
Azərbaycanın hakim partiyası müxalifəti yanlış təsəvvür yaratmaqda suçlayır

Azərbaycan, Bakı, 27 avqust /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın hakim partiyası müxalifəti namizədlərin təşviqatı məsələsi ilə bağlı beynəlxalq təşkilatlar qarşısında yanlış təsəvvür yaratmaqda suçlayır.

"Müxalifətin hərəkətləri ya Azərbaycanın Seçki Məcəlləsinin tələblərinin yaxşı, dərindən mənimsənilməməsi ilə əlaqədardır, ya da sadəcə olaraq onlar beynəlxalq təşkilatlar qarşısında guya Azərbaycan hökuməti tərəfindən seçki kampaniyasının, xüsusilə də namizədlərin təşviqatının işıqlandırılması ilə əlaqədar lazımi tədbirlərin görülmədiyi kimi yalnış təsəvvürün yaradılması ilə bağlıdır. Düşünürəm ki, beynəlxalq təşkilatlar reallığın, həqiqətin nədən ibarət olduğunu bilirlər", - Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədov bildirib.

Avqustun 24-də ATƏT-in Bakı ofisinin Azərbaycanın siyasi partiyalarının iştirakı ilə təşkil olunan "2010-cu il - qarşıdan gələn parlament seçkilərində kütləvi informasiya vasitələrinin rolu" mövzusunda dəyirmi masada bəzi müxalif partiya sədrləri dövlət televiziyasında siyasi kampaniyalara icazə verilməməsinin əsassız olduğunu iddia ediblər. Müxalif partiyalar Azərbaycanda fəaliyyət göstərən televiziyaların müxalifətin fəaliyyətinin işıqlandırmadığını da deyiblər.

YAP funksioneri bildirib ki, Azərbaycanda seçki kampaniyası Seçki Məcəlləsinin tələblərinə uyğun aparılır.

"Azərbaycanın Seçki Məcəlləsində televiziya vasitəsilə seçki kampaniyasına, xüsusilə də namizədlərin və seçkilərdə iştirak edən siyasi partiyalarının seçki kampaniyasının işıqlandırılması İctimai televiziyaya həvalə edilib", - Əhmədov bildirib.

Əhmədovun sözlərinə görə, Seçki Məcəlləsinin tələbləri beynəlxalq təşkilatların tövsiyələri əsasında formalaşıb.

"Bir neçə il bundan əvvəl beynəlxalq təşkilatlarla aparılan müzakirələr nəticəsində beynəlxalq təşkilatlar tərəfindən irəli sürülən təklif əsasında məhz İctimai televiziyanın seçki kampaniyasının təşviqat hissəsinin aparılmasına təhkim edilməsi məsləhət bilinib. Seçki Məcəlləsində beynəlxalq təşkilatların bu tövsiyəsi nəzərə alınıb. Qanunda İTV-dən savayı dövlət televiziyasının seçki kampaniyasında iştirakı bir növ qadağan edilib", - Əhmədov deyib.

Azərbaycanda parlament seçkilərinin 2010-cu il noyabrın 7-də keçiriləcəyi gözlənilir. Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində keçirilir.

Xəbər lenti

Xəbər lenti