...

Mərakeş Azərbaycanla bütün sahələrdə münasibətlərin inkişafında maraqlıdır - Abdelvahed Radi (FOTO) (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 24 Sentyabr 2010 13:11 (UTC +04:00)

RED. Əlavəsi: altıncı abzasdan sonra əlavə olunub

Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir Ü. Sadıqova/

Mərakeş Azərbaycanla bütün sahələrdə münasibətlərin inkişafında maraqlıdır. Bu barədə cümə günü Bakıda jurnalistlərə Mərakeş Krallığı Parlamenti Nümayəndələr Palatasının sədri Abdelvahed Radi deyib.

Radi sentyabrın 23-dən 27-dək Azərbaycanda ilk rəsmi səfərdədir.

"Səfərin əsas məqsədi Azərbaycanla Mərakeş arasında siyasi-iqtisadi və sosial sahələrdə qardaşlıq münasibətlərinin möhkəmlənməsidir", - Radi deyib.

"Bu gün bizim əməkdaşlıq və birgə işə ehtiyacımız var. Mərakeşdə qardaş ölkələrlə beynəlxalq əməkdaşlığın gücləndirilməsi üzərində çalışırıq. Bu, sabitlik və təhlükəsizliyin bərpasında təyinedici faktorlardır", - o qeyd edib.

Onun sözlərinə görə, Rabbatda əmindirlər ki, hər iki ölkənin maraqlarına cavab verən Azərbaycanla əməkdaşlıq uğurla inkişaf edəcək.

Səfər zamanı Mərakeş Krallığı Parlamenti Nümayəndələr Palatasının sədri parlamentlərarası əməkdaşlıq məsələlərini müzakirə etmək niyyətindədir. Bu sahədə saziş imzalanması da mümkündür.

Sentyabrın 24-də Mərakeş nümayəndə heyətinin üzvləri Fəxri Xiyabanı ziyarət ediblər. Mərakeş Parlamentinin rəhbəri, onu müşayiət edən Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov və digər qonaqlar Ümummilli lider Heydər Əliyevin xatirəsini yad ediblər və onun məzarı önünə əklil qoyublar.

Görkəmli alim-oftalmoloq, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə güllər qoyulub.

Xəbər lenti

Xəbər lenti