...

Ekspertlərin referendumdan sonra Türkiyənin gələcəyi ilə bağlı fikirləri fərqlidir

Siyasət Materials 24 Sentyabr 2010 19:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir Ü.Sadıxova/

İki həftə əvvəl Türkiyədə Konstitusiyaya edilən dəyişikliklər üzrə referendum ölkənin gələcək siyasi kursunun müəyyən edilməsində həlledici rol oynayır. Ekspertlərin əksəriyyəti referendumu müsbət addım kimi qiymətləndirsələr də, bəziləri burada Türkiyənin dini dövlətə çevrilməsi təhlükəsini görürlər.

"Hər halda, referendum 2011-ci il parlament seçkilərindən əvvəl baş repetisiya idi: o, Ərdoğana [Rəcəb Tayyib] öz hakimiyyətini möhkəmləndirməkdə impuls verəcək, eyni zamanda, Türkiyəni Atatürkün dünyəviləşdirmə ideyalarından və modernləşdirmədən ayıracaq", - "Heritage Foundation"in Rusiya, Avrasiya və beynəlxalq enerji təhlükəsizliyi məsələləri üzrə aparıcı eksperti Ariel Koen öz məqaləsində yazır.

Trend-in Ekspert Şurasının üzvü olan Koen türk müxalifətçilərindən birinin referendumu "üzəri şokoladla örtülmüş zəhərli həb" adlandıran sözlərini misal gətirir və məhkəmə sistemində zərərsiz düzəlişlər altında təhlükəli dəyişikliyin gizləndiyinə üstüörtülü şəkildə işarə edir.

Lakin Yaxın Şərqdə təhlükəsizlik üzrə analitik Teodor Karasik başqa fikirdədir.

"Məsələ daxili siyasi vəziyyətə toxunduqda, hakimiyyət faydalı hesab etdiyi istiqamətə doğru inadla irəliləyir və məhz buna görə də AKP [Ədalət və İnkişaf Partiyası] güc toplayır", - Yaxın Şərq və Fars körfəzi Hərbi-Analitik İnstitutunun (INEGMA) tədqiqat və inkişaf şöbəsinin direktoru Karasik Trend-ə bildirib.

May ayında Türkiyə parlamenti tərəfindən qəbul olunmuş Konstitusiyaya düzəlişlər paketinə 1980-ci ildə hərbi çevrilişdən sonra qəbul edilmiş mövcud konstitusiyaya 26 dəyişiklik daxildir. Onlar hüquq məhkəməsi, xüsusilə də Konstitusiya Məhkəməsi, məhkəmə və prokurorların Ali Məhkəmə sisteminin islah edilməsi, hərbi vətəndaş məhkəmə instansiyaları ilə bağlı cinayət işlərinin qaldırılmasını nəzərdə tutur, Apelyasiya Məhkəməsindən parlamentə siyasi partiyaların buraxılması haqqında işlərin aparılmasına səlahiyyət verir. Bundan başqa, Konstitusiya islahatı Ombudsman İnstitutunun yaradılmasını nəzərdə tutur.

Koen hesab edir ki, belə addımlar ölkədə ordunun zəifləməsinə və müasir Türkiyənin banisi Mustafa Kamal Atatürkün dünyəviləşmə ideyalarının məhv edilməsinə xidmət edir.

Referendumun keçirilməsinə qədər Türkiyə ordusu hazırkı Konstitusiyanın təsdiqləndiyi 1980-ci il çevrilişi zamanı olduğu kimi, əgər Mustafa Kamalın dünyəviləşmə ideyalarının təhlükə altında olduğunu hesab etsəydi, ölkə hökumətini devirmək hüququna malik idi.

"Qəbul olunan düzəlişlərdən dördü Ali Məhkəmədə hakimlərin sayının artırılmasını nəzərdə tutur, onların seçimi hazırda parlament çoxluğunu təşkil edən AKP tərəfindən həyata keçiriləcək. Digər bənddə hakim və prokurorların sayı 12-dən 22-dək artırılır. Bu zaman onların təyin olunmasında baş nazirə və prezidentə böyük rol ayrılır, - Koen yazır. - Nəticədə baş nazir özünün çoxdankı düşməni olan məhkəmə hakimiyyətini partiyanın siyasi nəzarəti altına qoyur".

Məhkəmə instansiyaları dəfələrlə Ərdoğanın Ədalət və İnkişaf Partiyasını radikal dini ideyalarda "təqsirli bilərək" hakimiyyətdən uzaqlaşdırmağa çalışıblar, 2008-ci ildə isə Türkiyənin Konstitusiya Məhkəməsi səkkiz ildir hökumətə başçılıq edən Ədalət və İnkişaf Partiyasını az qala qadağan etmişdi. "Partiya liderləri - Baş nazir Ərdoğan və Prezident Abdullah Gülün qüvvələrini əlində cəmləşdirən Ədalət və İnkişaf Partiyası Türkiyə demokratiyasının təbii balansını dağıdıb. Hazırda Türkiyə təkpartiyalı islam dövlətinin qurulması trayektoriyasında yerləşir", - Koen yazır.

Müxalif Milliyyətçi Hərəkat Partiyasından olan Türkiyə Böyük Millət Məclisinin deputatı Şenol Bal belə hesab edir ki, referendum dini dövlətə çevrilməkdən də pis nəticələr verə bilər.

"Referendum diktaturaya bir addımdır. 2011-ci ildə seçkilərdən sonra Konstitusiyanı dəyişmək üçün hakim partiya bu referenduma əl atıb. Konstitusiyaya düzəlişlər paketi yalançı təbliğat və uzunmüddətli siyasi oyunlarla bəyənilib", - bu barədə Trend-ə telefonla Bal deyib.

Onun sözlərinə görə, bu referendumun arxasında onun nəticələrini alqışlayan ABŞ dayanır, çünki Türkiyədə Konstitusiyaya dəyişikliklər zamanı istənilən hadisə baş verə bilər.

"Hakimiyyət əvvəlki dəyərləri məhv edir. Referendum yolu ilə onlar Baş Qərargah və Konstitusiya Məhkəməsinə nəzarəti öz əllərinə alıblar",- deputat deyib.

Lakin Trend-in Ekspert Şurasının üzvü Karasik belə hesab edir ki, referendumdan sonra hökumət ordunun hərbi gücünü lazımi istiqamətə yönləndirmək niyyətindədir. "Referendum yolu ilə gələcəkdə hərbi çevriliş üçün istənilən imkan məhv edilib, çünki bundan əvvəlkilərin tarixi hamıya məlumdur. Hökumət hərbi qüvvələri terrorizmə qarşı mübarizə kimi strateji məqsədlərdə istifadə etmək istəyir", - Karasik deyib.

Onun fikrincə, Türkiyəni dini ideoloji dövlətə çevrilməkdə günahlandırmaq yanlışdır, belə ki, islam ölkənin tarixi irsinin bir hissəsidir. "İdeya - daha fəal formada mühüm addımlar atmaq üçün keçmiş səhvləri nəzərə alaraq əvvəlki əzəməti geri qaytarmaqdan ibarətdir", - analitik deyib.

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının deputatı Əbdürrəhman Kurt belə hesab edir ki, Türkiyənin mümkün islamlaşdırılması haqqında ideyalar əsasən referendumdan sonra müsəlman ölkələrinin güclənməsindən qorxan, islamdan çəkinən şəxslər tərəfindən yayılıb. "Ədalət və İnkişaf Partiyasının hakimiyyətə gəlişindən sonra ölkədə dindarların sayı artıb, buna görə də bir çoxları hesab edirdilər ki, Türkiyə dini dövlətə çevriləcək. Lakin əksinə, Türkiyə Avropa və onun demokratik dəyərlərinə daha çox yaxınlaşıb", - bu barədə Trend-ə telefonla Kurt deyib.

"Konstitusiyaya dəyişikliklər prosesi Avropa İttifaqına daxil olmaq üçün Türkiyəyə qoyulan tələbdir", - deputat deyib. - Əgər cəmiyyət dindardırsa, bu o anlama gəlmir ki, ölkə demokratik deyil. Konstitusiya referendumu Türkiyənin Aİ-yə qoşulması üçün demokratikləşmə yolunda mühüm addımdır".

Türkiyədə referendumdan sonra gələcək ordudan danışan Kurt qeyd edib ki, türk hökuməti ordunun Avropa ölkələri və ABŞ-da olduğu kimi, onun üzərinə düşən işlə məşğul olmasını istəyir.

"Avropa Türkiyədən demokratiyada böyük tərəqqi gözləyir ki, onun da formalaşma prosesi hələ ki davam edir. Biz Aİ və ABŞ-ı yamsılamırıq, lakin söz azadlığının inkişafı və azlıqların hüquqları üçün daha yaxşı nümunələr götürürük", - deputat əlavə edib.

Xəbər lenti

Xəbər lenti