...

Azərbaycanda keçiriləcək parlament seçkilərində "exit-poll"un aparılması üzrə yeganə yerli təşkilat iş planını açıqlayıb

Siyasət Materials 28 Sentyabr 2010 18:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbir M.Əliyev/

"ELS" Müstəqil Araşdırmalar Mərkəzi Azərbaycanda keçiriləcək parlament seçkiləri zamanı "exit-poll"un aparılması üzrə fəaliyyət planını açıqlayıb.

"ELS" "exit-poll"u Naxçıvan Muxtar Respublikasının seçki dairələri istisna olmaqla, ölkənin bütün seçki dairələrində aparacaq. Demək olar ki, dünyanın bütün ölkələrində təcrübədən keçən beynəlxalq metodikaya əsasən, hər bir dairədə "exit-poll"un aparılması üçün 10 məntəqə seçilib", - Trend-ə "ELS"in direktoru İradə Yaqubova deyib.

Onun sözlərinə görə, Azərbaycanın 1180 seçki məntəqəsinin hər birində iki müsahibə alan səs verənlər arasında sorğu keçirəcək, hər üç-dörd məntəqəyə isə bir müşahidəçi ayrılıb.

"Yığılan anketlər gün ərzində dörd dəfə götürüləcək, namizədlərə verilən səslər sayılacaq və bu nəticələr dərhal mərkəzi qərargaha ötürüləcək. Beləliklə, səsvermə başa çatdıqdan sonra biz onun ilkin nəticələrini biləcəyik", - "ELS"in direktoru deyib.

Azərbaycanda parlament seçkiləri noyabrın 7-də keçiriləcək. Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır.

"ELS"in direktorunun sözlərinə görə, hazırda Mərkəz "exit-poll" zamanı istifadə ediləcək sənədlərin, eləcə də akkreditə üçün müsahibə alanlar və müşahidəçilər haqqında məlumatların hazırlığını aparır. Bu sənədlərin həftənin sonuna hazırlanması planlaşdırılır.

Yaqubovanın sözlərinə görə, indi bütün Azərbaycan üzrə müsahibə alanlar və müşahidəçilərin yığımı aparılır.

"Sentyabrın 29-dan etibarən "ELS" sonradan səsvermə günü müsahibə alanları öyrədəcək məşqçilərin treninqinə başlayacaq. Müsahibə alanlar üçün treninqlər Bakı və Sumqayıtda oktyabrın 2-dən, regionlarda isə oktyabrın 7-dən başlayacaq", - o deyib.

"ELS "exit-poll"u 2006-cı ildən etibarən Azərbaycanda keçirilən bütün seçkilər zamanı aparır.

Xəbər lenti

Xəbər lenti