...

İlham Əliyev Şərur rayonunun Maxta kənd orta məktəbinin yeni binasının açılışında iştirak edib (YENİLƏNİB)

Siyasət Materials 6 Oktyabr 2010 01:04 (UTC +04:00)
Prezident İlham Əliyev oktyabrın 5-də Şərur rayonunun Maxta kənd orta məktəbinin yeni binasının açılışında iştirak edib, məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
İlham Əliyev Şərur rayonunun Maxta kənd orta məktəbinin yeni binasının açılışında iştirak edib (YENİLƏNİB)

RED: əlavəsi: Prezidentin çıxışı əlavə olunub

Prezident İlham Əliyev oktyabrın 5-də Şərur rayonunun Maxta kənd orta məktəbinin yeni binasının açılışında iştirak edib, məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Mərasimə toplaşanlar dövlətimizin başçısını hərarətlə qarşıladılar. Prezident İlham Əliyev açılışı bildirən lenti kəsdi və bina ilə yaxından tanış oldu.

Məlumat verildi ki, Milli Qəhrəman Əli Camalovun adını daşıyan Maxta kənd orta məktəbinin binası əsaslı şəkildə yenidən qurulmuşdur. 1981-ci ildən fəaliyyət göstərən hazırkı bina bir müddət əvvəl qəzalı vəziyyətə düşmüşdü. Üçmərtəbəli, 540 şagird yeri olan yeni binada 30 sinif otağı vardır. Bir-birinə örtülü keçidlə birləşdirilmiş üç korpusdan ibarət binada şagirdlərin təlim-tərbiyəsi üçün bütün şərait yaradılmış, otaqlar zəruri vəsaitlərlə təchiz olunmuşdur. Fənn kabinetlərində, laboratoriyalarda müasir standartlara cavab verən avadanlıq qurulmuşdur. Altı min nüsxə ədəbiyyatın saxlanıldığı kitabxanada ümummilli lider Heydər Əliyevin həyatı və fəaliyyətini əks etdirən guşə yaradılmışdır. İdman zalı da müasir tələblərə cavab verir.
Məktəbin iki kompyuter sinfinin hər birində internetə çıxışı olan 19 kompyuter vardır. İki elektron lövhəli sinif otağı isə tədrisin müasir standartlar səviyyəsində aparılmasına imkan verəcəkdir. Hərbi hazırlıq fənninin əyani vəsaitlərlə tədrisi də diqqətdən kənarda qalmamışdır.

Məktəblə tanışlıqdan sonra Prezident İlham Əliyev Müəllim Günü münasibətilə kollektivi təbrik edərək deyib.

"Sizi gözəl məktəbin açılışı münasibətilə təbrik edirəm. Maxta kəndində gözəl, yaraşıqlı məktəb tikilib. Əminəm ki, bu uşaqlara böyük bir töhfədir. Burada uşaqlar ancaq yaxşı oxumalıdırlar. Müəllimlər də uşaqlara yaxşı tərbiyə verməlidirlər, yaxşı nəzarət etməlidirlər. Bizə savadlı, bilikli gənclər lazımdır ki, bundan sonra bütün sahələrdə işləyə bilsinlər" Prezident bildirib.

Dövlət başçısının sözlərinə görə, bu gün Azərbaycanda inkişaf çox sürətlə gedir.

"Hər bir sahədə yeni, peşəkar mütəxəssislər lazımdır ki, bütün işləri yüksək səviyyədə aparsınlar. Təhsil bu məqsədlərə nail olmaq üçün başlıca vasitədir. Azərbaycanda təhsil sahəsinə çox böyük diqqət göstərilir. Hər yerdə məktəb tikintisi gedir, o cümlədən Naxçıvanda. Bax bu gün artıq ikinci məktəbdir ki, açılışında iştirak edirəm. Hələ bir məktəb də vardır, orada da olacağam, oranı da görəcəyəm. Bu işlər Azərbaycanda çox yüksək səviyyədə aparılır. Müəllimlərə tövsiyəm budur ki, uşaqlara yaxşı tərbiyə versinlər, yaxşı nəzarət etsinlər, tələbkar olsunlar ki, uşaqlar yaxşı oxusunlar və gələcəkdə gözəl mütəxəssislər olsunlar" dövlət başçısı bildirib.

Xəbər lenti

Xəbər lenti