...

Azərbaycanın MSK sədri ATƏT-in seçki ilə bağlı hesabatındakı bəzi məqamlardan narazıdır

Siyasət Materials 23 Oktyabr 2010 18:20 (UTC +04:00)
Azərbaycanın Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov ATƏT-in Demokratik Təsisatlar və insan haqları bürosunun seçki ilə bağlı hazırladığı hesabatındakı bəzi məqamlardan narazıdır.
Azərbaycanın MSK sədri ATƏT-in seçki ilə bağlı hesabatındakı bəzi məqamlardan narazıdır

Azərbaycan, Bakı, 23 oktyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov ATƏT-in Demokratik  Təsisatlar və insan haqları bürosunun seçki ilə bağlı hazırladığı hesabatındakı bəzi məqamlardan narazıdır.

"Hesabatda göstərilir ki, MSK-ya dövlət orqanlarının seçki kampaniyasına müdaxiləsi, hədə-qorxularla bağlı çoxlu müraciətlər daxil olub. Bizim dəfələrlə müraciətlərimizə baxmayaraq bu məlumatlar bizə verilməyib." Mən demək istəyirəm ki, bu məsələ ilə bağlı MSK-ya çoxlu müraciət daxil olmayıb. Daxil olan bütün müraciətlər ictimaiyyət üçün açıqdır. Biz daxil olan müraciətləri hər zaman MSK-nın saytında dərc edirik. Bu məlumatlar hamının əlindədir. Ona görə də hesabatda belə şeylərin yazılması mənə təəccüblü gəlir" - Trend-in məlumatına görə bu barədə şənbə günü jurnalistlərə açıqlamasında MSK sədri Məzahir Pənahov bildirib.

O hesab edir ki, hesabat hansısa məqsədlər üçün görülən işlərdir: "Demirəm qərəzlidir, amma hesabatda bu cür məqamlar vurğulanmaz. Mən sizin iştirakınız ilə, həmin qurumların iştirakı ilə birgə prosesləri izləməyi rəsmi şəkildə təklif edirəm. Mənim dediyim söz hesabata düşmür, amma hansısa insanın dediyi söz hesabata düşür." - Pənahov vurğulayıb.  

MSK sədrinin sözlərinə görə, hesabatdakı müəyyən məqamlar ümumi və ənənəvi xarakter daşıyır: "ATƏT-in seçki komissiyalarının tərkibi ilə bağlı müəyyən təklifləri var idi ki, nəzərə alınmayıb. Bu həmişə həmişə deyilmiş sözlərdir. Dövlət orqanlarının müdaxiləsi vurğulanır amma üçüncü şəxs tərəfindən vurğulanır. Ünvan göstərilmir ki, kimdən alınıb bu məlumatlar, harada belə hadisə baş verib", - o vurğulayıb.  

Pənahov Azərbaycan iqtidarının və müxalifətinin qeydiyyatdan keçən namizədlərinin sayı ilə hesabatda yer alması məsələyə də münasibət bildirib: "Hesabatda iqtidar təmsilçilərinin namizədlərinin müxalifət təmsilçilərindən çox sayda qeydiyyata alınması məsələsinə toxunulub.

"Müqayisə üçün demək istəyirəm ki, YAP-ın 110 ətrafında namizədi qeydə alınıb. Ancaq digər müxalifət bloklarının birlikdə 120-dən yuxarı namizədi qeydə alınıb. Hesabatın bəzi məqamlarında belə dəqiq olmayan məlumat meyli hiss etdim. Məncə bu prosesin necə getdiyini bilməyən oxuculara hesablanmış məsələdir", - MSK sədri deyib.  

Xəbər lenti

Xəbər lenti