...

İran "altılıq"la aparılacaq danışıqların mövzusunu açıqlayıb

Siyasət Materials 30 Oktyabr 2010 09:00 (UTC +04:00)
İran Qərblə öz nüvə proqramını müzakirə etmək niyyətində deyil. Bu barədə Trend-ə Tehrandan telefonla İran Parlamentinin təhlükəsizlik komissiyasının sədr müavini İsmayıl Kövsəri deyib.
İran "altılıq"la aparılacaq danışıqların mövzusunu açıqlayıb

Azərbaycan, Bakı, 29 oktyabr /Trend, müxbir D.Xatınoğlu/

İran Qərblə öz nüvə proqramını müzakirə etmək niyyətində deyil. Bu barədə Trend-ə Tehrandan telefonla İran Parlamentinin təhlükəsizlik komissiyasının sədr müavini İsmayıl Kövsəri deyib.

Onun sözlərinə görə, "altılıqla" (Rusiya, Çin, ABŞ, Fransa, Böyük Britaniya və Almaniya) danışıqlar prosesində İranın nüvə proqramından kənar, məsələn qlobal iqlim dəyişiklikləri, yoxsulluq, energetika, ekologiya və təhlükəsizlik məsələləri, o cümlədən Əfqanıstan, İraq, Fələstin və Livandakı vəziyyət, eləcə də digər ümumi məsələlər müzakirə ediləcək.

"İran əvvəllər də danışıqlara razı olub, lakin "altılıq" ölkələrinə görə bu danışıqlar dalana dirənib", - Kövsəri qeyd edib.

Ötən ilin iyulunda ABŞ Prezidenti Barak Obama İranı sentyabradək ticarət imtiyazları əvəzində, gələcək nüvə tədqiqatlarından imtinanı nəzərdə tutan "altılığ"ın təkliflərinə cavab verməyə çağırıb. Bundan sonra sentyabrda İran "altılığ"a dünya atom enerjisinə və digər qlobal "çağırışlara" aid təkliflər paketini təqdim edib.

Kövsərinin sözlərinə görə, uranın mübadiləsi üzrə danışıqlar dayandırılıb, bundan sonra Türkiyə və Braziliyanın vasitəçiliyi ilə danışıqlara başlanılıb.

"Lakin bu danışıqların məhsuldarlığına baxmayaraq, 1929 saylı qətmanə qəbul edildi. Buna görə bu dəfə biz əvvəlcədən danışıqların mövzusunu elan etməliyik" - Kövsəri bildirib.

Ötən ilin oktyabrında Vyana qrupu tərəfindən plan təklif olunub. Həmin plana görə, İranın malik olduğu az zənginləşdirilmiş (3,5 faizlik) uran 20 faizədək zənginləşdirilmək üçün Rusiyaya ixrac olunmalı, daha sonra isə Tehran tibb reaktoru üçün yanacaq hazırlanması üçün Fransaya göndərilməlidir. Lakin Tehran bəyan etdi ki, daha yüksək zənginləşdirilmiş uran almağa və ya öz ehtiyatlarını mübadilə etməyə yalnız mübadilənin sinxron qaydada və İran ərazisində aparılması şərti ilə razıdır.

Uranın mübadiləsi haqqında üçtərəfli razılaşma 2010-cu il mayın 17-də İran, Türkiyə və Braziliya arasında əldə olunub. Bu ölkələrin XİN rəhbərləri Tehran elmi-tədqiqat reaktoru üçün Tehranın mövcud az zənginləşdirilmiş (3,5 faizədək) uranının yüksək zənginləşdirilmiş (20 faizədək) yanacaqla mübadiləsi üzrə razılaşma layihəsi imzalayıblar. Sənədə əsasən, mübadilə Türkiyə ərazisində həyata keçirilməlidir.

Cari ilin iyunun 9-da BMT Təhlükəsizlik Şurası Tehranın uranın zənginləşdirilməsi ilə bağlı işləri dayandırmaqdan imtina etməsinə görə sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan yeni qətnamənin qəbul edilməsinə səs verib.

Kövsəri hesab edir ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin İran üzrə məruzələrində bu ölkənin nüvə proqramının qanuniliyini şübhə altına alan informasiya yoxdur və onun qanunsuzluğu ilə bağlı bütün iradlar əsassızdır.

"İran təkid edir ki, ölkənin nüvə proqramı üzrə danışıqlar başa çatsın. Bununla bağlı bütün iradların sənədli əsası yoxdur", - Kövsəri əlavə edib.

Materialın hazırlanmasında T.Konyayeva iştirak edib.

Xəbər lenti

Xəbər lenti