Gürcüstan, Tbilisi, 2 noyabr /Trend, müxbir N.Kirsxaliya/
ATƏT-in milli azlıqların hüquqları üzrə ali komissarı Knut Volebek Cənubi Osetiyaya səfər edəcək. Onun Sxinvaliyə noyabrın 3-də gələcəyi gözlənilir. Bununla bağlı məlumatı separatçı Cənubi Osetiyanın Mətbuat və İnformasiya Komitəsi yayıb.
Mənbənin məlumatına görə, Volebeklə birlikdə Sxinvaliyə onun baş müşaviri Kaupo Kendi və komissarlığın baş inzibatçısı Saymon Şort da gələcək.
ATƏT nümayəndə heyəti separatçı Cənubi Osetiya XİN rəhbəri Murat Cioyev, danışıqlarda osetin tərəfinin nümayəndəsi Boris Çoçiyev və ombudsman David Sanakoyevlə görüşəcək.
Gürcü tərəfi Volebekin işğal olunmuş ərazilərə səfərini müsbət qiymətləndirir. Həmvətənlərlə əlaqə üzrə parlament komitəsinini sədri Nuqzar Tsiklaurinin Trend-ə bildirdiyinə görə, işğal olunmuş ərazilərdə insan haqları tez-tez pozulur və ona görə də, beynəlxalq təşkilatın, hətat ATƏT ali komissarının səfərini yalnız alqışlamaq olar. "Biz bu ərazidə yaşayan adamların beynəlxalq qurumların daimi diqqəti altında olmasında maraqlıyıq", - deputat qeyd edib.