...

Azərbaycanın hakim partiyası müxalif partiyaların müşahidəçilərini səsvermə prosesini pozmaqda suçlayıb

Siyasət Materials 7 Noyabr 2010 15:32 (UTC +04:00)
Azərbaycanın hakim partiyası müxalif partiyaların müşahidəçilərini səsvermə prosesini pozmaqda suçlayıb.
Azərbaycanın hakim partiyası müxalif partiyaların müşahidəçilərini səsvermə prosesini pozmaqda suçlayıb

Azərbaycan, Bakı, 7 noyabr /Trend, müxbir V.Məmmədov/

Azərbaycanın hakim partiyası müxalif partiyaların müşahidəçilərini səsvermə prosesini pozmaqda suçlayıb.

"Seçkilərdə iştirak edən müxalifət partiya və namizədlərinin müşahidəçiləri və səlahiyyətli nümayəndələri fəaliyyətlərini seçki prosesini izləməkdən daha çox, səsvermə prosesini pozmağa, "qanun pozuntuları"na yol verilməsi barədə fikir formalaşdırmağa yönəlmiş cəhdlər etməyə, beynəlxalq müşahidəçilərə yanlış, həqiqətə uyğun olmayan məlumatlar verməyə yönəldiblər", - hakim Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi internet saytının yaydığı məlumatda bildirilib.

YAP-ın yerli seçki qərargahları və müşahidəçilərindən əldə edilmiş ümumiləşdirilmiş məlumata görə, 7 noyabr parlament seçkilərinin gedişi YAP-ın müşahidəçiləri tərəfindən yaxından izlənilir.

Lakin müxalifət partiyalarının, xüsusən də AXCP-Müsavat seçki blokunun müşahidəçilik müssiyası səsvermə məntəqələrinin çox az hissəsini əhatə edir. Xüsusilə, paytaxtdan kənarda seçki dairələri üzrə seçki məntəqələrində müxalifət müşahidəçiləri çox zəif təmsil olunub, ya da bir çox dairələr üzrə yox dərəcəsindədir. Ölkə üzrə 5 mindən artıq seçki məntəqəsində adıçəkilən blokun yalnız 2 minə yaxın müşahidəçisi vardır.

Səsvermə anından etibarən müxalifət partiyalarının səsvermə prosesində guya hansısa qanun pozuntularına yol verilməsi barədə yaydıqları məlumatların araşdırılması nəticəsində onların heç birinin həqiqətə uyğun olmadığı aşkarlanmıb.

AXCP-Müsavat siyasi partiyalar bloku gün ərzində press-relizlər yayaraq bəzi məntəqələrdə qanun pozuntuları olduğunu bildiriblər.

Mərkəzi Seçki Komissiyasının rəsmi məlumatına görə, parlament seçkilərində 690 namizəd mübarizə aparır.

Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır. Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib.

Xəbər lenti

Xəbər lenti