Azərbaycan, Bakı, 23 noyabr /Trend, müxbir S.Ağayeva/
Azərbaycanın İspaniyadakı səfiri iki ölkə arasında siyasi münasibətlərini rəvan, sabit, (regional və qlobal) beynəlxalq münasibətlərin demək olar bütün aktual problemləri üzrə tam qarşılıqlı anlaşma və əməkdaşlığı əks etdirən münasibətlər kimi xarakterizə edir.
Səfir Altay Əfəndiyev Trend-ə müsahibəsində bildirib ki, məhz bu, ikitərəfli əlaqələrə yeni dinamikanın verilməsi və onun yeni məzmunla doldurulması üçün zəmin yaradır.
Bununla yanaşı, azərbaycanlı diplomat bu münasibətlərin real məzmununun hələlik daha yaxşı olmasının arzu olaraq qaldığını təəssüflə qeyd edib.
"Demək kifayətdir ki, 1991-ci ildə Azərbaycanın müstəqilliyi elan olunduğu və 1992-ci ildə diplomatik münasibətlər qurulduğu andan ölkələr arasında ayrı-ayrı işgüzar görüşlər həyata keçirilib, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq inkişaf etdirilib. Lakin bir dənə də olsun rəsmi səfər təşkil olunmayıb, ikitərəfli əlaqələri tənzimləyən saziş imzalanmayıb. Regional və beynəlxalq məsələlərdə getdikcə daha əhəmiyyətli və vacib oyunçuya çevrilən Azərbaycanla dünyanın 20 daha inkişaf etmiş ölkələri qrupuna daxil olan, Avropanın aparıcı ölkələrindən biri olan İspaniya arasında işlərin belə vəziyyəti ən azı çətin izah olunandır", - səfir deyib.
Onun sözlərinə görə, Avropanın aparıcı ölkələrindən heç biri ilə belə hal müşahidə olunmur. "Əvvəlcədən demək lazımdır ki, bunun səbəbi Azərbaycan deyil. Məsələn, Azərbaycanın İspaniyada səfirliyinin 2005-ci ildən mövcud olduğu, lakin Bakıda ispan səfirliyinin indiyədək açılmaması buna nümunədir", - diplomat qeyd edib.
Azərbaycanlı diplomat bu vəziyyətin dəyişdirilməsini səfirliyin əsas vəzifəsi hesab edir.
Altay Əfəndiyev bu ilin fevralında Azərbaycanın İspaniyadakı səfiri təyin edilib. O, həmçinin Andorrada, Ümumdünya Turizm Təşkilatında (ÜTT) nümayəndə kimi qeydiyyatdan keçib.
Səfir öz fəaliyyətinin ötən dövrünü tamamilə fəal, çoxlu görüşlərlə zəngin, ölkə daxilində səfərlərlə, yaranmış vəziyyətin səbəblərini izah etmək məqsədi güdən çıxışlarla, Azərbaycan haqqında informasiyanın çatdırılması, ikitərəfli münasibətlərin "yenidən yüklənməsi" yollarını və imkanlarını müzakirə etmək və onları yeni səviyyəyə qaldırmaq məqsədi daşıyan dövr kimi xarakterizə edir.
"Etiraf etmək lazımdır ki, qarşıda görülməli çox işlər var və səfirlik böyük planlara malikdir. Bu işdə, təbii ki, qarşılıqlı istək də vacibdir və ispan tərəfində də çox ümidverici tendesiyalar müşahidə olunur", - Əfəndiyev deyib.
Azərbaycanın diplomatik missiyasının başçısı planlaşdırılan rəsmi səfərlərin ikitərəfli münasibətlərə yeni dinamika verdiyini xüsusilə qeyd edib. "Biz bu istiqamətdə fəal çalışırıq. Əminəm ki, 2011-ci il münasibətlərimizdə dönüş ili olacaq", - o, qeyd edib.
Dağlıq Qarabağ münaqişəsi
"Hər şeydən əvvəl qeyd edim ki, bu məsələdə İspaniyanın rəsmi mövqeyi birmənalıdır və Azərbaycanın ədalətli mövqeyini tam əks etdirir", - Azərbaycanın səfiri bildirib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.
Diplomat qeyd edib ki, bu məsələ ilə bağlı, eyni zamanda bütövlükdə Azərbaycan haqqında İspaniya ictimaiyyətinin geniş məlumatlandırılmasına gəldikdə, vəziyət daha fəal və ardıcıl iş tələb edir.
Səfir qarşılıqlı səfərlər, mədəni proqramlar, gənclərin nümayəndələri arasında əlaqələr, İspaniyada yaşayan azərbaycanlıların cəlb olunması kimi ictimai diplomatiyanın bütün arsenalının işə salınmasını vacib hesab edir.
Onun sözlərinə görə, səfirlik üçün bu istiqamətdə burada da geniş cəbhədə işlərin görülməsi daha vacibdir. Hazırda Azərbaycan haqqında informasiyanın geniş ispan ictimaiyyətinə çatdırılması məqsədi güdən bir neçə təşşəbbüs işlənib hazırlanır.
Səfir bildirib ki, maraqlı filmin birgə çəkilişi üzrə razılıq əldə olunub. "Süjetin əsasında çox mürəkkəb və II Dünya Müharibəsi illərində Azərbaycanda Gəncədəki yay bazasında olan və ölkəmizin hüdüdlarını, eləcə də neft sənayesini qəhramancasına qoruyan 15 ispan pilotunun taleyindən bəhs edən dramatik əhvalat durur. Filmdə konkret ispanların taleyi fonunda Azərbaycanın keçmişi və gələcəyi barədə də danışılacaq. Həm də o, ən geniş ispan auditoriyasını əhatə edəcək. Film İspaniyanın mərkəzi telekanallarında, eləcə də kinoteatrlarında nümayiş olunacaq və güman edirəm ki, bu layihənin reallaşdırılması xalqlar arasında daha yaxşı qarşılıqlı anlaşmanın və yaxınlaşmanın bərqərar olmasına kömək edəcək", - səfir bildirib.
Diplomatın sözlərinə görə, digər layihə 2011-ci ilin əvvəllərində Azərbaycan haqqında İspaniyanın ən iri və oxunaqlı "El Mundo" qəzetində geniş məlumat dərc olunmasını nəzərdə tutur.
Azərbaycanlılar İspaniyada
Səfir qeyd edib ki, icma burada azsaylı, tamamilə zəif və hələlik əlaqəsizdir. Rəsmi məlumata görə (İspaniya DİN-in məlumatı), ölkədə 300 Azərbaycan vətəndaşı qeydiyyatdan keçib.
Bununla yanaşı, diplomatın sözlərinə görə, İspaniyada 90-cı illərdə ölkədə məskunlaşan və artıq vətəndaşlıq almış azərbaycanlılar yaşayırlar. Həmçinin, İspaniyaya digər MDB ölkələrindən köçmüş azərbaycanlılar da var. Hazırda həmvətənlərimizin sayı barədə məlumatların dəqiqləşdirilməsi və onların birləşdirilməsi üzərində çalışırıq.
İspaniyada yaşayan azərbaycanılılar formal olaraq Madriddə, Barselonada, Alikantedə və Valensiyada qeydiyyata alınan dörd təşkilatda birləşiblər.
Lakin Əfəndiyev hesab edir ki, müxtəlif səbələr üzündən bu təşkilatlar hələlik kifayət qədər fəal deyillər. "Onların fəaliyyəti ilə ilk tanışlıq göstərir ki, bu təşkilatlar aydın və konkret olmayan təsəvvürlərsiz məqsəd və tapşırıqlar əsasında, imkanlar real şəkildə qiymətləndirilmədən yaradılıblar və müvafiq olaraq işlərin formasının müəyyənləşdirilməsi formal xarakter daşıyır, çox vaxt onlarda subyektiv amillər üstünlük təşkil edir. Maddi amil də az önəmli deyil", - diplomat bildirib.
"Biz İspaniyada yaşayan hər bir azərbaycanlını bu ölkədə Azərbaycanın maraqlarının irəliləməsində və humanitar əməkdaşlığın inkişafında qiymətli və dəyərli resurs kimi qəbul edirik. Calışırıq ki, öz fəaliyyətimizdə onlara dəstək göstərək, təşkilatlanmaqda, ispan cəmiyyətinə inteqrasiyada kömək edək. Eləcə də, mənim Valensiya və Barselonaya səfərlərimdə və yerli hakimiyyət nümayəndələri ilə görüşlərimdə həmvətənlərimizə daim diqqətin artırılması və mümkün köməyin göstərilməsi məsələsini qaldırıram və səfirliklə hakimiyyət orqanları arasında sıx əməkdaşlığı təklif edirəm. Hesab edirəm ki, burada vaxt, Azərbaycan icmasının birləşməsi və təşkilatlanmasına məqsədəyönlü və metodiki kömək tələb olunur", - səfir deyib.
İqtisadi əməkdaşlıq
Səfir hesab edir ki, Azərbaycanda dünyanın bir çox aparıcı şirkətlərinin iştirak etdiyi iqtisadi bumun fonunda ispan şirkətlərinin passivliyi və ya olmaması nəzərəçarpandır. Əfəndiyev bildirib ki, əgər mal dövriyyəsinin çox aşağı səviyyədə olduğunu əlavə etsək, onda ispan şirkətləri tərəfindən Azərbaycana marağın olmaması barədə ehtimal məntiqi görünə bilər.
Onun fikrincə, bu, yaxın keçmişdə İspaniyanın sosial-iqtisadi inkişafı ilə əlaqədar müəyyən səbəblərdən irəli gəlir. "Bir tərəfdən bu, ölkə daxilində ekstensiv artım dövrü və ispan şirkətlərinin Latın Amerikası ölkələrinə ekspansiyası və diqqətin Aİ və Aralıq dənizi regionuna cəmləşməsindən irəli gəlir. Ənənəvi və özləri üçün rahat bazarlarda işləməyə adət etmiş ispan sahibkarlarda müəyyən süstlük əmələ gəlib. Digər tərəfdən buna Azərbaycan haqqında məlumatın olmaması da təsir edib. Əslində, keçmiş SSRİ-nin yeni ölkələrinin, Uzaq Şərqin və Cənub-Şərqi Asiyanın dinamik inkişaf edən iqtisadiyyatının potensial imkanlarının öyrənilməsinə və ispan şirkətləri tərəfindən mənimsənilməsinə bu yaxınlarda başlanılıb", - diplomat izah edib.
Diplomat İspaniyanın rəsmi şəxslərinin və biznes nümayəndələrinin münasibətlərin vəziyyəti ilə bağlı Azərbaycan tərəfinin qiymətləndirmələri ilə tam həmfikir olduqlarını və hazırda vəziyyətin dəyişdirilməsi üçün birgə tədbirlərin görülməsini sevindirici amil hesab edir.
Əfəndiyev yaxın gələcəkdə ispan sahibkarları və şirkətlərinin Azərbaycanın iqtisadi və sosial inkişafında daha fəal iştiraklarına ümid edir.
Səfir hesab edir ki, vəziyyətin yaxşılaşdırılması üçün hər şeydən əvvəl, informasiya boşluğundan istifadə etmək lazımdır. "Burada biz çoxlu görüşlər keçiririk, Azərbaycana səfərlərin təşkilinə yardım edirik. Azərbaycanda da səfərlər planlaşdırırıq. Düşünürəm ki, bizə İspaniyada keçirilən müxtəlif forumlarda fəal iştirak etmək lazımdır. Eyni zamanda bu ölkəyə investisiya imkanlarını da öyrənmək lazımdır", - diplomat qeyd edib.
"İlkin mərhələdə İspaniya şirkətlərinin təşviqi və dəstəklənməsi üzrə ayrı-ayrı tədbirlərin görülməsi məqsədəuyğundur. Bir daha qeyd etmək istəyirəm ki, yüksək səviyyədə rəsmi səfərlər münasibətlərimizin inkişafına ciddi təkan verəcək", - Əfəndiyev bildirib.
Diplomatın sözlərinə görə, şübhəsiz ki, İspaniya Azərbaycana çox şey vəd edə bilər.
Azərbaycanlı diplomat ispan şirkətlərinin Azərbaycana marağının artdığını qeyd edib. Onun sözlərinə görə, İspaniya ağır maliyyə-iqtisadi böhran yaşayır və bu vəziyyət ispan şirkətlərini yeni bazarlarda, o cümlədən Azərbaycanda daha fəal iştirak etməyə sövq edir.
Səfir bildirib ki, inkişafın dinamikası və miqyası bu potensialın reallaşdırılması üçün əlverişli şəraitin yaradılması məqsədi ilə hər hansı birgə tədbirlərin görülməsindən, iqtisadi əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsindən asılı olacaq.
Onun sözlərinə görə, bu planda ilk müsbət siqnal noyabrın 5-də daxil olub. İspaniya hökuməti ikiqat vergitutmadan yayınma sazişinin razılaşdırılmış mətnini təsdiqləyib və onu imzalamağa hazır olduğunu bildirib. Diplomat siyahının yaxın vaxtlarda genişləndiriləcəyinə ümidini ifadə edib.
"İspan şirkətlərinin Azərbaycan bazarına çıxmağa çox ləng hazırlaşdıqlarına görə və bu bazarda yüksək rəqabəti nəzərə alaraq, hesab edirəm ki, ilkin mərhələdə bu prosesə müəyyən kömək göstərmək lazımdır. Səfirlik hökumətdə baxılmaq üçün müəyyən təkliflər hazırlayır", - Əfəndiyev bildirib.
Diplomat ispan təcrübəsinin, "nou-hou"sunun, rəngarəngliyin Azərbaycana gətirilməsinin ölkəni yalnız zənginləşdirəcəyinə və daha da rəngarəng edəcəyinə ümidini ifadə edib.
"Biz münasibətlərimizin inkişafının keyfiyyətcə yeni mərhələsinin astanasındayıq və mən onların gələcəyinə nikbinliklə baxıram", - sonda səfir qeyd edib.