...

Azərbaycandakı seçkilərə dövlət qurumlarının müdaxiləsi ilə bağlı iradlar beynəlxalq təşkilatların hesabatlarında olmayıb - MSK sədri

Siyasət Materials 26 Noyabr 2010 11:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

"Azərbaycanda seçkilər ictimai siyasi sabitlik şəraitində, qanunverciliyə uyğun olaraq keçirilib", - Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Azərbaycan Konstitusiya Məhkəməsinin (KM) Plenumunun cümə günü keçirilən iclasında çıxışı zamanı bildirib.

"Seçkilərə dövlət qurumlarının müdaxiləsi ilə bağlı iradlar nə ölkədaxili təşkilatların, nə də beynəlxalq təşkilatların hesabatlarında olub. Həmin hesabatlarda polisin müdaxiləsi ilə bağlı iradlar da olmayıb", - Pənahov bildirib.

KM hakiminin sualına cavab olaraq Pənahov bildirib ki, 46 məntəqədə səsvermənin nəticələrtinin etibarsız sayılması seçkilərin nəticələrinə heç bir təsir göstərməyib. MSK sədri çıxışının sonunda KM-dən seçkilərin nəticələrinin təsdiqlənməsini xahiş edib.

Azərbaycan KM-in Plenumunun cümə günü keçirilən iclasında xüsusi konstitusiya icraatında 7 noyabrda baş tutan parlament seçkilərinin nəticələrinə dair Mərkəzi Seçki Komissiyasının (MSK) 22 noyabr tarixli protokolunun Konstitusiyanın 86-cı maddəsinə, Seçki Məcəlləsinə uyğunluğu və seçkilərin nəticələrinin təsdiq edilməsinə dair işə baxılır.

Noyabrın 7-də Azərbaycanda parlament seçkiləri keçirilib.

MSK-nın 22 noyabrda təsdiq etdiyi yekun protokolu komissiyanın 18 üzvündən 17-si imzalayıb.

MSK-nın məlumatına görə, seçicilərin seçkidə iştirakı 50,14 faiz (2480205 seçici) təşkil edib. Parlament seçkilərində 690 namizəd mübarizə aparıb.

Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib.Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır.

Xəbər lenti

Xəbər lenti